14 Mart 2021 11:55
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə polisi Suriya rejiminin lideri Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd barəsində “terror aktlarını təşviq etmək və təbliğ etmək” ittihamı ilə ilkin istintaq başladıb.

Teleqraf.com xəbər verir ki, bu barədə mərkəzi İngiltərənin paytaxtı Londonda yerləşən Beynəlxalq Ədalət Palatası (Guernica 37) tərəfindən açıqlama verilib.

Açıqlamada rejimin Suriyada 10 illik vətəndaş müharibəsi zamanı yüz minlərlə dinc sakini öldürdüyü, qanunsuz həbs etdiyi və işgəncə verdiyi vurğulanıb.

Nüfuzlu şəxslərin mülki insanlara qarşı müharibə cinayətlərini təşviq etdiyi qeyd edilən açıqlamada Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin də bu sırada yer aldığı diqqətə çatdırılıb.

Əsma Əsədin rejim ordusunu xalqa qarşı terror aktlarını təşviq və ya təhrik etdiyi deyilib. “Guernica 37”-nin bir müddətdir bu məsələni araşdırdığı və polisin iki gizli sənədi müharibə cinayətləri bölməsinə təqdim etdiyi iddia olunub.

Hesabatda sənədlərin əlaqədar qurumlar tərəfindən araşdırıldığı üçün heç bir məlumat verilməyəcəyi vurğulanıb.

Sənədə görə, ittihamlar təsdiq olunacağı təqdirdə, Əsma Əsəd təkcə İngiltərə vətəndaşılığından məhrum edilməyəcək, eyni zamanda, məhkəmədə mühakimə olunacaq.

Qeyd edək ki, London Kral Kollecinin məzunu olan 45 yaşlı Əsma Əsəd 2000-ci ildə Bəşər Əsədlə evləndikdən sonra Suriyaya köçüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər