İngiltərə rəhbərliyi ordunun arsenalındakı nüvə başlıqlarının sayını əhəmiyyətli dərəcədə artırmaq istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Nəşr bildirib ki, bu, hökumətin Təhlükəsizlik, Müdafiə və Xarici Siyasətinin Hərtərəfli İcmalında yer alır. İcmalın nəşri 16 mart tarixinə planlaşdırılır. Qəzetin yazdığına görə, 100 səhifəlik sənəd xüsusən sualtı gəmilərdə istifadə edilən “Trident II” raketlərinin başlıqlarının 40 faiz artırılması təklifini ehtiva edir. Təklif reallaşsa, nüvə başlıqlarının sayı 180-dən 260-a qədər artırılacaq. Bu məqsədlə 10 milyard funt-sterlinqin ayrılması planlaşdırılır.
Belə bir addımla krallığın nüvə gücünün artırılmasına və müdafiə sahəsində ABŞ-ın etibarlı müttəfiqi statusunu gücləndirməsinə imkan verəcəyi ehtimal olunur. Bundan əlavə, London nüvə arsenalını genişləndirməklə Rusiya və Çindən gələn təhdidlərə daha təsirli şəkildə müqavimət göstərməsinə imkan verəcəyinə ümid edir.
Qeyd edək ki, “The Sunday Times” bundan əvvəl sözügedən sənədə istinad edərək, İngiltərənin gələn həftə Rusiyanı “bir nömrəli düşmən” elan etməyə hazırlaşdığını iddia edib.