ABŞ-ın keçmiş Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri 2016-cı ilin iyul ayında Türkiyədə hakimiyyət çevrilişinə cəhdlə bağlı bir sıra iddialarla çıxış edib.
Teleqraf.com xəbər verir ki, Cefri həmin dövrdə ABŞ prezidenti olan Barak Obamanın yanlış mövqe sərgilədiyini deyib.
“Deyəcəklərimi Obama hökumətinin ən yuxarı pillələrindən öyrənmişəm. Putin dərhal Ərdoğana zəng etdi. Prezident Obama gözlədi. Məqsədi bir mesaj göndərmək deyildi”, - siyasətçi bildirib.
Cefri Obamanın münasibətləri düzəltmək üçün o dönəmdə I vitse-prezident olan Co Baydeni Türkiyəyə göndərdiyini söyləyib: “Obama hərbi qüvvələr çevrilişə cəhd etdikdən sonra İncirlik bazasının bağlanacağını, bunun İŞİD-lə mübarizəni ləngidəcəyini düşündü. Bu fikirləri dilə gətirdikdən sonra münasibətlər pisləşməyə başladı.
Amma Obama münasibətləri düzəltmək üçün Baydeni Türkiyəyə göndərdi. Baydenin səfərinə qədər münasibətlər çox pis idi”.
O, ABŞ-ın yeni hökumətinin Ankara ilə yaxın əməkdaşlıq potensialına malik olduğunu söyləyib: “İki ölkə Yaxın Şərq, Avrasiya, Qara dəniz və Cənubi Qafqazda təhlükəsizliyi qorumaq istəyir. Bir sıra məsələlərə yanaşmada mövqeyimiz eyni olmasa da, bir-birinə bənzəyir. Bu səbəbdən Ərdoğan və Baydenin böyük bir əməkdaşlıq potensialının olduğunu düşünürəm”.