21 Mart 2021 18:14
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskva Londonu düşmən kimi qəbul etmir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın İngiltərədəki səfiri Andrey Kelin “LBC” radiosuna müsahibəsində deyib.

“İngiltərə hökuməti əlaqələrimizin əksəriyyətinə xitam verdi, yalnız iqtisadi və mədəniyyət sahəsində əlaqələr qorunub saxlanılır. Ancaq siyasi sahədə münasibətlər praktik olaraq ölüdür”, - diplomat qeyd edib.

O, Rusiya və Böyük Britaniyanın çox uzun əlaqələr tarixinə, təxminən 450 illik diplomatik əlaqələrə sahib olduğunu xatırladıb: “Fərqli dövrlərdə, məsələn, Krım müharibəsində, hətta Birinci Dünya Müharibəsində bir-birimizlə düşmən idik. Ancaq İkinci Dünya Müharibəsi zamanı bir müddət müttəfiq olduq”.

Kelinin sözlərinə görə, soyuq müharibə” dövründə Rusiya və İngiltərə fərqli ideologiyalara malik olduqları üçün bir-birinə düşmən olub.

O, Rusiyanın İngiltərəni kiberhücumlarda günahkar hesab etmədiyini də dilə gətirib: “İnfrastrukturumuza qarşı kiberhücumlar var, ancaq bunun arxasında müəyyən bir ölkənin olduğunu iddia etmirik. Bunu haker qrupları edir. Biz kiber hücumların arxasında İngiltərənin dayandığını demirik”.

Səfir qeyd edib ki, gələn həftə İngiltərə hökuməti Çin və Rusiyanı dünya üçün əsas geosiyasi təhlükə saydığı yeni xarici və müdafiə strategiyasını açıqlayacaq: “İngilis rəsmiləri Rusiyadan gələn təhdidlərin tam spektrinə qarşı fəal şəkildə mübarizə aparacaqlarına söz veriblər. Sözügedən sənəddə Rusiya təhlükəli düşmən kimi xarakterizə olunur”.

Səfir vurğulayıb ki, İngiltərənin yeni xarici siyasət strategiyasında Rusiya ilə heç vaxt dialoqdan və ya hər hansı işbirliyindən bəhs edilmir.

Qeyd edək ki, İngiltərə hökumətinin gələn həftə açıqlanacaq yeni xarici və müdafiə strategiyasında Rusiya “bir nömrəli düşmən” elan edilib. Bundan başqa sənəddə Rusiyaya qarşı nüvə arsenalının genişləndirilməsi tövsiyə olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər