Fransada COVID-19 epidemiyası ilə bağlı sanitar böhranın yeniyetmələrə, eləcə də kiçik yaşlı uşaqlara sərt mənfi təsiri olub. Onlara gələcək haqqında danışmaq lazımdır.
Teleqraf.com xəbər verir ki, bu haqda koronavirus epidemiyası sanitar böhranı ilə bağlı yaradılmış elmi şuranın üzvü, Paris Pitie-Salpetriere xəstəxanasının uşaq psixiatoru Angel Konsoli yerli televiziya kanalına müsahibəsində bildirib. Qeyd edilib ki, psixiatrik motivlərlə xəstəxanalara yerləşdirilən 15 yaşdan az pasientlərin sayı 80 faiz artıb. 12-17 yaş kateqoriyasından olan uşaqlarda depressiya tendensiyasının, eləcə də intihar cəhdlərinin artdığı bildirilib. Yeniyetmələr arasında depressiya simptomlarının mövcud sanitar vəziyyətlə bağlı olduğu diqqətə çatdırılıb.
Bildirilib ki, 0-3 yaş kateqoriyasından olan uşaqların gec dil açması, eləcə də yuxu pozğunluğu ilə bağlı müraciətlər artıb. Uşaqların davranışında dəyişiklik, onların səbəbsiz ağlaması və ya əsəbi olması ilə bağlı əlamətlər olduqda valideynlər təcili həkimə müraciət etməlidirlər. Bu əlamətlərin də koronavirus sanitar böhranı ilə əlaqədar olduğu deyilib.
Uşaq psixiatrı vurğulayıb ki, COVID-19 böhranı xəstəxana sistemində gərginliyi artırıb. Psixi sağlamlıqla bağlı hökumətin çox narahat olduğunu qeyd edilib.