Suriyanın İdlib regionunda müşahidə edilən gərginlik Türkiyə və Rusiyanı yenidən hərəkətə keçirib.
Teleqraf.com xəbər verir ki, Bəşər Əsəd rejiminin İdlibdə mülki yaşayış yerlərinə zərbə endirməsi terror ünsürlərinin fəaliyyətini də artırıb. Bundan dərhal sonra Moskva-Ankara xəttində fəallıq başlayıb.
Rusiyanın Ankaradakı səfiri Aleksey Yerhov Xarici İşlər Nazirliyində qəbul edilib. Eyni zamanda Rusiya səfirliyinin hərbi ataşesi Milli Müdafiə Nazirliyinə çağırılıb. Bunun ardınca Milli müdafiə naziri Hulusi Akarla Rusiya Müdafiə naziri Sergey Şoyqu arasında müzakirələr aparılıb.
Telefon müzakirəsində İdlibdəki son vəziyyət müzakirə olunub. Həmçinin İdlibdə atəşkəsin pozulması və sabitliyin bərpası məsələsində tərəflər eyni mövqedən çıxış ediblər. Görüşdə bir müddətdir dayandırılan M4 şosesi üzərində ortaq hərbi patrul xidmətinin davam etdirilməsi məsələsi də gündəmə gətirilib. Bəzi qaynaqlar birgə hərbi patrul xidmətinin yaxın günlərdə yenidən başlayacağını qeyd ediblər.