ABŞ prezidenti Cozef Bayden və xanımı Cill Baydenin “Meycor” ləqəbli iti yenidən Ağ Evdə bir nəfəri dişləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə çərşənbə axşamı CNN telekanalı bildirib.
Məlumata görə, hadisə Ağ Evin cənub çəmənliyində olub. Hadisə zamanı Milli Parklar Xidmətinin əməkdaşı zərər çəkib.
"Bəli, “Meycor” gəzinti zamanı bir nəfəri dişlədi. Həmin şəxs ehtiyat tədbiri kimi Ağ Evin Tibb Xidməti tərəfindən müayinə edilib. O, ciddi zədələr almadı və işə qayıtdı”, - telekanal Cill Baydenin nümayəndəsi Maykl Larosdan sitat gətirib. O, həmçinin qeyd edib ki, prezident cütlüyünün iti "hələ yeni vəziyyətə alışır".
ABŞ prezidenti və xanımının iki iti var – 13 yaşlı “Çemp” və üç yaşlı “Meycor”. Hər iki it Baydenin yanvarın 20-dəki inauqurasiyasından bir neçə gün sonra Ağ Evə gətirilib. Martın əvvəlində “Meycor” Ağ Evin mühafizəçilərindən birinə hücum edib. Bundan sonra itləri prezident cütlüyünün Delaverdəki evinə göndəriblər və heyvanlar yalnız ayın sonunda geri qaytarılıblar.