Yenidən Suriyada hərbi əməliyyatlara start verən Rusiyadan müzakirələrə səbəb olan açıqlama verilib.
Teleqraf.com xəbər verir ki, Suriyanın şimalında keçirilən əməliyyatlarda iştirak edən “Velikiy Novqorod” sualtı gəmisinin komandanı, general Denis Sobin əməliyyatlardan əvvəl əyləncəli anlar yaşadıqlarını söyləyib.
Sobin gəmi ekipajının raket hücumları vaxtı ona verilən əmrləri əylənərək yerinə yetirdiyini deyib:
“Raket atılmadan əvvəl həyəcan və müharibəyə hazırlıq kimi bir vəziyyət hökm sürür. Raketlərin sudan çıxarılması və hədəfə çatması üçün ən dəqiq hesablamaların aparılması vacibdir. Lakin ekipaj bütün bu hazırlıqlardan sonra sualtı gəminin içərisindəki raket torpedalarını atarkən heç bir titrəmə hiss etmir. Onlara verilən tapşırığı böyük məmnuniyyətlə yerinə yetirir”.
“Velikiy Novqorod” Suriyanın müxtəlif bölgələrində, xüsusilə ölkənin şimalında bombardman əməliyyatlarında iştirak edib. Gəmi təxminən bir ildir Aralıq dənizində xidmət edir.
Qeyd edək ki, Rusiya hərbi qüvvələri ötən həftələrdə döyüş qırıcıları ilə İdlibə hücum edib, mülki yaşayış yerlərini hədəfə alıb. Əl-Xamran kəndinə hücumda 4 mülki şəxs həyatını itirib, 42 nəfər yaralanıb.
Suriya İnsan Haqları Şəbəkəsinin ötən ilə aid hesabatına görə, Rusiya, Bəşər Əsəd rejimi və İrana bağlı qüvvələr xüsusilə tibbi müəssisələri hədəfə alırlar. Son iki ildə Hələb və İdlibdə 67 belə müəssisə vurulub.