Pakistan Baş naziri İmran Xan ABŞ Prezidenti Co Baydenin çağırışı ilə keçiriləcək “İqlim Sammiti”nə ölkəsinin dəvət edilməməsini təəccüblə qarşıladığını bildirib.
Teleqraf.com xəbər verir ki, Baş nazir bunu tvitter hesabından 22-23 apreldə onlayn keçirilməsi planlaşdırılan “İqlim Sammiti” ilə bağlı fikir bildirərkən deyib.
İmran Xan ölkəsinin iqlim dəyişikliyinə qarşı apardığı mübarizənin dünya miqyasında təqdir edildiyini bildirib:
"Pakistanın iqlim dəyişikliyi konfransına dəvət edilməməsi məni təəccübləndirdi. Pakistan ətraf mühit siyasətinin, iqlim dəyişikliyinin təsirini azaltmaq üçün gələcək nəsillərə təmiz və yaşıl bir ölkə çatdırmaq qərarına uyğun şəkildə quruldu. İqlim dəyişikliyinə qarşı apardığı mübarizə dünya miqyasında tanınır və təqdir edilir. Bu təcrübələri öyrənmək istəyən bütün dövlətlərə çatdırmağa hazırıq”.
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Zahid Hafız Çavdri isə qlobal emissiyaların 80 faizinin “İqlim Sammiti”nə dəvət edilən ölkələrdən qaynaqlandığına diqqət çəkib:
“Pakistan iqlim dəyişikliyindən ən çox təsirlənən 10 ölkə arasındadır. Ölkəmiz qlobal emissiyalarda 1 faizdən daha az paya sahibdir”.
Çavdri Pakistanın bu mübarizədə öz rolunu oynamağa qərarlı olduğunu vurğulayıb.
Qeyd edək ki, martın 26-da Co Bayden 40 dünya liderini 22-23 aprel tarixlərində keçiriləcək onlayn iqlim zirvəsinə dəvət edib. Sammitə dəvət olunan ölkələr arasında Türkiyə, Rusiya, Çin və Hindistan da var.