İranda koronavirus epidemiyasının 4-cü dalğasının başlaması ilə əlaqədar olaraq ictimai nəqliyyat daxil olmaqla bazar və iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, Prezident Həsən Ruhani İranda koronavirusun 4-cü dalğasının başladığını elan etdikdən sonra təcili tədbirlər hazırlanaraq həyata keçirilib.
İranda toy və yas mərasimlərinin keçirilməsi, kütləvi namazlar, eləcə də bazar və ticarət mərkəzlərinin fəaliyyəti 10 gün müddətində qadağan edilib.
Qeyd edək ki, son 24 saat ərzində İranda 22 min 478 nəfərin koronavirusa yoluxması qeydə alınıb, 155 nəfər isə həyatını itirib. İranda koronavirusa yoluxub ölənlərin sayı 64 min 39 nəfərə çatıb.
Rəsmi qeydiyyatda olan xəstə sayı 2 milyon 29 min 412 nəfərdir. İran xəstəxanalarında yer olmadığı üçün həkimlər yoluxan xəstələrə internet vasitəsilə məsləhət verirlər.