ABŞ-ın Bruklin-Center (Minnesota ştatı) şəhərində polis əməkdaşı qaradərili kişini vuraraq öldürdükdən sonra etiraz aksiyaları başlayıb.
Teleqraf.com xəbər verir ki, “Star Tribune” nəşrinin yazdığına görə, söhbət 20 yaşlı Dante Raytdan gedir. Şəhər polisi əməkdaşları yol qaydalarını pozduğu üçün Raytın avtomobilini saxlayıblar. Bu zaman onlar gəncin tutulması üçün daha əvvəl order verildiyini öyrəniblər. Rayt onu saxlamağa çalışan polisin tələblərinə tabe olmayaraq yenidən maşınına minib.
Polislərdən biri gəncə atəş açıb. Onun maşını başqa bir maşına çırpılıb. Rayt tibbi yardım alıb, ancaq dərhal ölüb.
Etirazların şəhər polis idarəsinin binası qarşısında başladığı qeyd olunur. Nümayişçilər polisin tələbi ilə dağılışmaqdan imtina ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qaz, səs bombası və rezin güllələrdən istifadə ediblər.