Myanmada ordu çevrilişə qarşı etiraz aksiyalarında öldürülənlərin ailələrinə cəsədləri ala bilmələri üçün 85 dollar tələb edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Myanmanın Baqo Universitetinin Tələbə Birliyi məlumat yayıb.
İddiaya görə, hərbi qüvvələr Baqo şəhərində həyatını itirən nümayişçilərin ailələrindən cəsədləri təhvil ala bilmələri üçün pul tələb edib.
Myanma ordusunun Baqodakı etiraz aksiyalarına silahlı müdaxiləsi nəticəsində ən azı 80 mülki şəxs həyatını itirib. Ümumilikdə Myanmada hərbi qüvvələrin silahlı müdaxiləsi nəticəsində ölüm sayı 706-ya çatıb, 3059 nəfər isə saxlanılıb.
Myanma ordusu fevralın 1-də hakimiyyətin ələ keçirildiyini elan edib.
Ordu ölkənin faktiki lideri və Xarici işlər naziri Aun San Suu Çii də daxil olmaqla bir çox yüksək vəzifəli şəxsi və hakim partiya liderini həbs edib və ölkədə bir il boyunca fövqəladə vəziyyət elan olunduğunu açıqlayıb.
Ölkədə genişmiqyaslı nümayişlər davam etdiyi vaxt həbsdə olan yüksək vəzifəli dövlət adamlarının hərbi məhkəmədə mühakiməsi davam edir.