Xəzər donanmasının gəmiləri Kerç boğazı boyunca Krım körpüsünün altından keçərək Qara dənizə daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Qara Dəniz Donanmasının mətbuat xidməti məlumat yayıb.
“Qış hazırlığı dövründə nəzarət yoxlamasının bir hissəsi olaraq 3 artilleriya və 8 desant qayığı da daxil olmaqla Xəzər donanmasının 15 gəmisi, habelə təminat gəmiləri Xəzərdən Qara dənizə donanmalararası keçid edib”, deyə məlumatda deyilir.
Mətbuat xidməti dəstənin Qara Dəniz Donanmasının əməliyyat tabeliyinə keçdiyini qeyd edib.
Bundan əvvəl Rusiya Federasiyası Müdafiə Nazirliyi Qara dənizin Rusiya akvatoriyasında Kerç boğazı istiqamətində üzmənin məhdudlaşdırıldığını elan edib. Moskva məhdudiyyətlərə səbəb kimi hərbi təlimləri göstərib.
Rusiya Federasiyasının hərəkətləri ilə əlaqədar olaraq Ukrayna Xarici İşlər Nazirliyi sərt etirazını bildirib. Rusiya Xarici İşlər Nazirliyi Ukrayna sərhədi yaxınlığında planlaşdırılan hərbi təlimlərin heç kimi təhdid etmədiyini söyləyib. NATO Rusiyanı Qara dənizdə sərbəst üzməni təmin etməyə çağırıb.
Gəmilərin hərəkətinin məhdudlaşdırılması Donbasdakı qarşıdurma fonunda baş verir.