Ukraynanın hakim Xalqın Xidmətçisi Partiyasından olan Ali Radanın bir neçə deputatı Prezidenti Vladimir Zelenskini Rusiya ilə diplomatik münasibətləri kəsməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı bəyanat ukraynalı deputat Boqdan Yaremenko tərəfindən yayımlanıb.
Bəyanatda Zelenskinin diqqətinə çatdırılıb ki, Rusiya siyasətçiləri və dövlət rəsmiləri Ukrayna dövlətçiliyinə son qoymaq niyyətləri barədə açıq danışırlar. Parlamentarilər deyirlər ki, Moskvanın davranışları Ukrayna üçün təhlükədir.
Deputatlar ölkə liderini Rusiya ilə münasibətləri kəsməyə, İngiltərə və ABŞ hərbi qüvvələrini Ukraynaya çağırmağa və NATO ölkələrini respublika ərazisində gəmi əleyhinə raket, zenit və raket əleyhinə müdafiə sistemlərini yerləşdirməyə dəvət ediblər.
Eyni zamanda Ukrayna hökuməti Rusiyadan idxal olunan məhsul və xidmətlərin əvəzlənməsi üçün plan qəbul etməyə çağırılıb.