21 Aprel 2021 14:01
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Amerikanın Rusiyadakı səfiri Con Sullivanın tezliklə Moskvaya dönəcəyini, ailəsini görmək və Ağ Evlə məsləhətləşmək üçün Vaşinqtona qayıtdığını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, jurnalistlər üçün keçirdiyi brifinqdə danışıb.

Prays Sullivanın Rusiya tərəfindən qovulmadığını bildirib: “Səfirə ölkədən çıxmaq əmri verilməyib. Səfir ailəsini görmək və burada məsləhətləşmələr aparmaq üçün qayıdıb. Önümüzdəki həftələrdə yenidən Moskvaya dönəcəyini gözləyirəm”.

Prays ABŞ-ın indi Moskvaya qarşı yeni addımlar atmağa hazırlaşdığını və Sullivanla bunu müzakirə etmək üçün ən uyğun vaxt olduğunu da əlavə edib.

Bundan əvvəl Rusiya Xarici işlər naziri Sergey Lavrovun Kremlin Sullivana ölkəsi və ABŞ arasındakı münasibətlər barədə yeni administrasiya ilə məsləhətləşmələr aparmaq üçün Vaşinqtona getməsini tövsiyə etdiyini açıqlayıb. Sullivan əvvəlcə bundan imtina edib.

Aprelin 15-də isə amerikalı diplomat Rusiyaya qarşı yeni sanksiyalarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirlikdə səfirə Moskvanın bir sıra cavab tədbirləri barədə məlumat verilib.


Müəllif: Mənsur Rəğbətoğlu