26 Aprel 2021 14:22
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenin qondarma soyqırımı tanımasından sonra erməni dəstələrinin Birinci Dünya Müharibəsi vaxtı silahsız insanlara qarşı törətdiyi qətliam və soyqırımılar yenidən gündəmə gəlib. Müxtəlif dövrlərdə Türkiyə və Azərbaycanda aparılan qazıntılar və araşdırmalar erməni dəstələrinin müsəlmanları amansız işgəncələrlə qətlə yetirdiyini sübut edir.

1986-cı il fevralın 28-də İğdırın Oba kəndində aparılan qazıntılar zamanı ermənilər tərəfindən qətlə yetirilən türklərə aid kütləvi məzarlıq aşkar olunub. Atatürk Universitetinin Türk-Erməni Münasibətləri Araşdırmalar Mərkəzi tərəfindən ilk qazıntı 1986-cı ildə Vanın Zəvə və Ərzurumun Alaca kəndlərində aparılıb. Bundan sonra günümüzə qədər Ərzurum, Bitlis, Girəsun, Ərdahan, Qars, İğdır başda olmaqla, bir çox bölgədə aparılan 15 qazıntıda 5 min müsəlman türkün nəşi aşkar edilib.

Arxa cəbhədəkilər

Professor Kürkçüoğlu “Anadolu”ya açıqlamasında arxa cəbhədəki silahsız insanların erməni dəstələrinin qətliamlarına məruz qaldığını bildirərək, bunun faktlarla sübut olunduğunu bildirib. O, ilk qazıntı işlərinin Zəvə kəndində aparıldığını deyib: “Həmin il Ərzurumun Alaca kəndində də qazıntı apardıq. Zəvədə 370, Alacada isə 278 şəhidin nəşinə rast gəldik”.

Ölkənin şərq və cənub-şərq bölgələrində ümumilikdə 185 kütləvi məzarlıq təsbit edildiyini bildirən Kürkçüoğlu Diyarbəkir, Bitlis, Muş, Ərdahan, Ərzurum, İğdır, Ərzincan və Van başda olmaqla, bir çox bölgədə kütləvi məzarlıq aşkar olunduğunu vurğulayıb.

“Biz erməni dəstələrinin müsəlman türklərinə qarşı qətliam törətdiklərini üzə çıxardıq. Bu insanlar ermənilər tərəfindən öz kəndlərində, qəsəbələrində qətlə yetirilib. Öldürülənlər tamamilə silahsız və müdafiəsiz, arxa cəbhədəki qadınlar, uşaqlar və yaşlılardır”, - professor söyləyib.

Kürkçüoğlu qazıntı işlərini davam etdirəcəklərini deyərək, Ərzurumun Börəkli məhəlləsində qadınlar və kişilərin qətlə yetirildiyi ərazini təsbit etdiklərini və qazıntı üçün hesabatın hazırlandığını bildirib.

Sonrakı illərdə - 1988-ci ildə Ərzurumun Yaşılyayla kəndi, 2010-cu ildə Təpəköydə, 1999-cu ildə İğdırın Haqqməhməd kəndində, 2003-cü ildə Tuzluca qəsəbəsində, 2003-cü ildə Qarsın Dərəcik kəndində və 2010-cu ildə Arpaçayın Çatma kəndində qazıntılar aparılıb. Bunlarla yanaşı, 2010-cu ildə Van, Ərdahan, Girəsin, Bitlis, bundan əvvəl – 2007-ci ildə isə Azərbaycanın Quba rayonunda kütləvi məzarlıqlar aşkar edilib.

Xocalı və 31 Mart soyqırımıları

Erməni dəstələrinin 1918-ci ildə Azərbaycanda törətdiyi soyqırımı və qətliamlarda da çox sayda insan həyatını itirib. Təxmini hesablamalara görə, mart soyqırımı zamanı Bakıda 15–20 min, Şamaxıda 7 min, Qubada isə 6 min nəfər öldürülüb. Salyan, Nəvahi, Lənkəran, Kürdəmir kimi rayonlarda da qırğınlar törədilsə də, öldürülən insanların sayı dəqiq bilinmir.

1992-ci il fevralın 26-da erməni-rus birləşmələrinin Xocalıda törətdiyi soyqırımda isə 613 nəfər öldürülüb.

Amerikanın ləkəli tarixi

1915-ci il olaylarına görə Türkiyəni hədəfə alan ABŞ-ın özünün tarixi də, ən az ermənilər qədər ləkəlidir. Təkcə Amerika qitəsinin kəşf edildiyi müddətdə 70 milyon yerli öz torpaqlarında qətlə yetirilib. ABŞ dövləti bu qətliamların üzərində qurulub. XVI-XIX əsrlərdə 15 milyon afrikalı kölə kimi Amerika qitəsinə gətirilib. 35 milyon afrikalı işgəncə və digər səbəblərlə öldürülüb.

ABŞ 1945-ci ildə Yaponiyaya iki atom bombası ataraq, 350 min insanın ölümünə və minlərlə insanın da şikəst qalmasına səbəb olub.

1945-ci ildə Almaniyanın Drezden şəhərini üç gün bombardman edən ABŞ əksəriyyəti qadın və uşaqlar olan 200 min insanı qətlə yetirib.

1950-ci ildə Amerika döyüş qırıcıları tərəfindən üç il boyunca bombardman edilən Şimali Koreyada 4 milyona yaxın insan həyatını itirib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) 1950-ci ildə Qvtemalada dəstək verdiyi qiyam zamanı 200 min mülki insan öldürülüb. CIA-nın 1955-ci ildə əməliyyat keçirdiyi İndoneziya, Laos və Kambocada da çox sayda insan həyatını itirib.

1950-1959-cu illərdə Kubada 60 min insan ABŞ tərəfindən dəstəklənən Batista rejimi tərəfindən qətlə yetirilib. Bundan başqa, ABŞ 1962-1975-ci illərdə Vyetnam müharibəsində 3 milyon insanın ölümünə səbəb olub. ABŞ Vyetnam savaşında mülki insanlara qarşı zəhərli “portağal qazı”ndan istifadə edərək, soyqırımı törədib.

ABŞ 1991-ci ildə Birinci Körfəz Müharibəsində İraqı işğal edərkən, çox sayda qətliama imza atıb. İraqa altı həftə ərzində 85 min ton bomba atılıb. Müharibədə 113 min mülki insan ölüb. Bundan başqa, 1991-ci ildən 1998-ci ilədək qida çatışmazlığı və xəstəliklər səbəbindən yarıdan çoxu uşaq olan 1 milyondan çox iraqlı həyatını itirdi.

ABŞ 2001-ci il sentyabrın 11-də Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzindəki partlayışdan sonra Əfqanıstanı işğal edib. Amerika bu işğal vaxtı 150 min insanın həyatına son qoyub.

2003-cü ildə yenidən İraqı işğal edən ABŞ 1 milyondan çox insanı qətlə yetirib. Amerikanın bu hücumlarından sonra 4.7 milyon iraqlı öz evini tərk edib. ABŞ, eyni zamanda 2011-2018-ci illərdə Yaxın Şərq siyasəti çərçivəsində Suriya və İraqda on minlərlə insanın ölümünə və öz yerlərindən didərgin düşməsinə səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər