Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs Ukraynanın müasir hərb tarixinin tanınmış simalarından biridir.
Roman Balağa oğlu Baxşıyev 1979-cu ildə Rusiyanın Leninqrad (Sankt-Peterburq) şəhərində anadan olub. Romanın valideynləri Azərbaycanın Lənkəran şəhərindəndir. Uzun müddət Leninqradda yaşayan ailə 1988-ci ildə Bakıya köçüb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. Həqiqi hərbi xidmətini də Azərbaycanda keçib.
2004-cü ildə Ukraynaya köçüb.
Yad olmayan separatizm
Ukrayna mətbuatına verdiyi müsahibəsində ötən illərdə Azərbaycanda həyata keçirilən işğallardan da danışıb:
“Valideynlərim Azərbaycandandır, mən də Ukraynaya oradan gəlmişəm. Separatizm bizim üçün gözlənilməz bir şey deyil. 1990-cı il yanvarın 20-də Sovet Rusiyasının işğalçı qoşunları Sumqayıt və Bakı şəhərlərinə girdilər, silahsız insanları qətlə yetirdilər. Amma Azərbaycan xalqının cəsarəti, ləyaqəti və vətənpərvərliyi onların irəli getməsinə imkan vermədi”.
Baxşıyev müsahibəsində rus-erməni birləşmələrinin 1990-cı illərdə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdikləri işğalı da xatırlayıb.
Donbas uğrunda döyüşlərdə
2014-cü il yaz aylarında Donbasda işğal başlayanda Ukraynada sosial şəbəkələrdə “Allahu əkbər! Ukrayna üçün!” sözləri ilə terrorçulara atəş açan bir hərbçinin videogörüntüsü yayıldı. Uzun müddət ukraynalılar üçün motivasiya olan videodakı həmin şəxs də, lənkəranlı Roman Baxşıyev idi.
Baxşıyev könüllü olaraq Rusiya-Ukrayna müharibəsinə getdiyini və silahdaşları kimi, işğalçılar tərəfindən ələ keçirilmiş torpaqları azad etmək istədiyini deyib. Romanın sıralarında olduğu ordu birləşmələri Luqansk bölgəsindəki Rodakovo qəsəbəsinin separatçılardan azad edilməsində iştirak edib.
Ukrayna Silahlı Qüvvələrin 12-ci Müdafiə batalyonunun sırasında Luqansk ətrafında gedən döyüşlərin iştirakçısı olub. Batalyon döyüşlərin ilk günlərində Luqanskın Oktyabrsk rayonuna girərək, Ukrayna bayrağını oradan asıb.
Roman Baxşıyev döyüşlərdə üç dəfə yaralanıb.
O, Ukraynaya gəldikdən sonra ordu sıralarına qoşulması və Donbasda separatizmə qarşı döyüşməsi haqda bunları söyləyib: “2004-cü ildən bəri Ukraynadayam. Ənənələrimizə görə, yaşadığımız, çörək yediyimiz torpaqda onu müdafiə etməli və hər an canımızdan keçməyə hazır olmalıyıq”.
Poroşenkonun fərmanı
2017-ci il fevralın 1-də Ukraynanın o zamankı Prezidenti Petro Poroşenko Avdivka uğrunda gedən döyüş əməliyyatları zamanı fərqlənən Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçularına dövlət mükafatlarının verilməsi haqqında fərman imzalayıb. Leytenant Baxşıyev Roman Balağa oğlu da 3-cü dərəcəli “İgidliyə görə” ordeni alıb.
Baş leytenant Baxşıyev hazırda Ukrayna Silahlı Qüvvələrinin sıralarında xidmət edir.
Roman Baxşıyev yüngül atletika üzrə idman ustasıdır.
Videolink: