“ABŞ Prezidenti Con Baydenin aprelin 24-də müraciəti zamanı saxta erməni “soyqrımı” ifadəsini işlətməsi hadisələrə tarix və hüquq prizmasından deyil, siyasi yanaşma cəhdidir”.
Teleqraf.com xəbər verir ki, bu fikirlər Deportasiya Qurbanları Cəmiyyətinin bəyanatında qeyd edilir.
Bəyanatda bildirilir ki, ABŞ kimi demokratik dəyərlərə əsaslanan bir ölkənin saxta erməni soyqrımını tanıması təəssüf doğurmaqla bərabər heç bir əndazəyə sığmır, əslində erməni revanşist və terror ideologiyasının güclənməsinə xidmət edir.
Cəmiyyət xüsusi qeyd edir ki, tarixi Azərbaycan ərazisi olan Qərbi Azərbayanda bu gün bir azərbaycan türkünün yaşamaması, öz ata-baba torpaqlarından qovulması əsl soyqrım aktıdır ki, bu da Ermənistan dövlət səviyyəsində həyata keçirilib.
Cəmiyyət xatırladır ki, 1918,1948-1953 və 1988-ci illərdə Azərbaycan türkləri məhz erməni hücumları və qanunsuz deportasiya prosesinə məruz qoyulub, 100 minlərlə azərbaycanlı məhz erməni silahlı daşnak dəstələri tərəfindən məhv edilib. Bütün bu faktları görməzdən gələn Bayden administrasiyasının “erməni soyqrımı” ifadəsinə vurğu etməsi həm də 100 illər boyunca erməni terrorçuları tərəfindən öldrülən mülki azərbycanlıların, eləcədə yüzlərlə türk diplomatının ruhuna sayğısızlığın göstəricisidir.
Deportasiya Qurbanları Cəmiyyəti ABŞ Prezidenti Con Baydenin bu bəyanatını rədd edir, qardaş Türk milləti və dövlətinin yanında olduğunu bəyan etməklə yanaşı belə əsassız və tarixi həqiqətlərdən uzaq siyasi yanaşmaların heç vaxt dəstək qazanmayacağına əminliyini ifadə edir.