Misir parlamenti ölkədə 2017-ci ildən bəri davam edən fövqəladə vəziyyətin daha 3 ay müddətinə uzadılması barədə dövlət başçısının təqdimatını təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, fövqəladə vəziyyət rejimi dörd il əvvəl – terrorçuların Tanta və İsgəndəriyyə şəhərlərində kilsələrə silahlı hücumu nəticəsində 47 xristian vətəndaşın həlak olmasından sonra qəbul edilmişdi. Misirin Baş naziri Mustafa Mədbuli parlamentin iclasındakı çıxışında bildirib ki, hələ də ölkədə sabitliyi pozmaq və terror aktları törətmək istəyən qüvvələr var. Fövqəladə vəziyyət rejiminin müddətinin uzadılması ordunun onların qarşısını alması üçün yeganə vasitədir.
Misirin nəqliyyat naziri Kamil əl-Vəziri də parlamentdəki çıxışında son bir ayda baş verən və çoxlu sayda insan tələfatı ilə nəticələnən dəmir yolu qəzalarının təxribat olduğunu bəyan edib. Onun sözlərinə görə, “Müsəlman qardaşları” hərəkatının dəmir yolu sistemində yerləşmiş üzvlərinin işdən azad edilməsi ilə əlaqədar yuxarı instansiyalara müraciət olunub.
Aprelin 27-də isə Misir məhkəməsinin qərarı ilə ölüm cəzasına məhkum edilmiş 9 terrorçu edam olunub. Onlara qarşı 2017-ci ildə polis və əsgərləri qətlə yetirməklə bağlı ittiham irəli sürülmüşdü.