ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonun və onun müttəfiqlərinin Moskva ilə daha konstruktiv münasibətə can atdığını bildirib.
Teleqraf.com xəbər verir ki, Dövlət Departamentinin rəhbəri “Tvitter”də yazıb:
“Tərəfdaşlarımız və müttəfiqlərimizlə birlikdə Rusiya ilə daha konstruktiv münasibət qurmağa çalışırıq, lakin o, mütləq beynəlxalq öhdəliklərini yerinə yetirməlidir”.
Blinken Vaşinqtonun Avropa İttifaqı liderlərinin mövqeyinə şərik olduqlarını və bəzi avropalı məmurlara Rusiyaya giriş qadağasının tətbiq edilməsini qınadıqlarını söyləyib. Onun sözlərinə görə, Rusiya hakimiyyətinin bu qərarı tənqidçiləri qorxutmaq üçün növbəti cəhddir.
Xatırladaq ki, aprelin 30-da Rusiya cavab addımı olaraq Aİ-nin səkkiz vətəndaşının girişinə qadağa qoyub.
Bundan bir müddət əvvəl isə Aİ altı Rusiya vətəndaşına qarşı məhdudlaşdırıcı tədbirlər görüb.
Rusiya Xarici İşlər Nazirliyi Brüsselin Moskvanın münasibətlərdəki problemləri dialoq yolu ilə həll etmək təkliflərini rədd etdiyini qeyd edib.