ABŞ bu il sentyabrın 11-də işğal etdiyi Əfqanıstandan geri çəkiləcək.
Teleqraf.com xəbər verir ki, uzun illərdir xarici işğal və vətəndaş müharibəsinin əskik olmadığı Əfqanıstanı bundan sonra nə gözlədiyi məlum deyil.
Asiya və Yaxın Şərq arasında strateji nöqtədə yerləşən Əfqanıstan tarix boyu davamlı olaraq böyük dövlətlərin hücumlarına məruz qalıb. Keçən əsrin son rübündə Sovet Rusiyası tərəfindən işğal edilən bu ölkə 1979-1989-cu illərdə dağıdıcı bir müharibənin şahidi olub. ABŞ-ın dəstəyi altında olan yerli və əcnəbi (“mücahidlər”) Sovet Rusiyasını Əfqanıstandan çıxarmağı bacardı, ancaq bu dəfə rəqib qruplar arasında toqquşmalar başladı.
“Talibanın zühuru”
1996-cı il sentyabrın 27-də Taliban adlı bir hərəkatın paytaxt Kabili ələ keçirməsi ilə ölkə tarixində yeni bir dövr başladı. Əsasən puştun adlı etniklərdən ibarət olan Taliban “İslam dövləti”nin qurulduğunu açıqladı və 2001-ci ildə Amerika istilasına qədər Əfqanıstanın dörddə üçünü idarə etdi. Paytaxtın Qəndəhara köçürüldüyü dövrdə dünyada yalnız üç ölkə Talibanın hakimiyyətini tanıdı: Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri.
11 Sentyabr
ABŞ-ın 2001-ci il sentyabrın 11-dəki hücumlarından sonra Əfqanıstandakı işğalı ölkədəki problemləri daha da artırmaqdan başqa heç bir nəticə vermədi. Əfqanlar üçün təhlükəsiz həyat təmin olunmadığı kimi daxildə siyasi qeyri-sabitlik və iqtisadi böhran daha da dərinləşdi. Digər tərəfdən Taliban işğaldan sonrakı dövrdə beynəlxalq arenada güclü və aktiv oyunçu kimi görünməyə başladı.
Ümidsiz sevinc
ABŞ Prezidenti Co Bayden Amerika hərbi qüvvələrinin Əfqanıstandan çəkilmə prosesinin başladığını və bu prosesin bu ilin sentyabrın 11-dək tamamlanacağını açıqlayıb. Bununla yanaşı əfqan xalqının üzləşdiyi problemlər və ümidsizliyinin necə həll ediləcəyi bəlli deyil. Siyasi qruplar arasındakı rəqabət düşmənçilik həddindədir, etnik və dini gərginlik də ölkəni məngənə kimi sıxır. Belə bir qaramat atmosferdə yaşayan əfqanlar ümidsizcəsinə Amerika işğalının sona çatmasına sevinirlər, eyni zamanda öz gələcəklərinə də narahatlıqla baxırlar.
Şərbət Qula
Qərb ölkələrinin Əfqanıstana marağı fotoqrafların obyektivi ilə məhdudlaşır. Fotoqrafların və rejissorların “material” kimi gördükləri ölkədə mənzərələr çox gözəldir, amma problemlər realdır - qorxuncdur.
Amerikalı fotoqraf Stiv Makkarrinin 1984-cü ildə qaçqın düşərgəsində çəkdiyi “Əfqan qızı” portreti bu mövzunun ən məşhur nümunəsidir. 2002-ci ildə “Şərbət Qula” kimi tanınan qız dünyada Makkarriyə şöhrət qazandırdı, Qula isə dillər əzbəri olan fotosundan yalnız illər sonra xəbər tutdu. Üstəgəl, bu fotonun çəkilməsi üçün ondan və ailəsindən icazə alınmamışdı. 1985-ci ildə Qulanın fotosunu jurnalın üzündə dərc edən “National Geographic”in də heç bir etik narahatlığı yox idi.