İngiltərə öz Donanmasının patrul gəmilərini La-Manş boğazında – Cersi sahillərində saxlamaq qərarı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə Baş naziri Boris Consonun ofisindən bildirilib.
Hökumət başçısı müvafiq qərarı ada rəsmiləri ilə söhbəti zamanı açıqlayıb:
“Baş nazir Cersi üçün qeyd-şərtsiz dəstəyini dilə gətirib və Krallığın Donanmasının iki patrul gəmisinin bölgədə qalacağını və ehtiyat tədbiri olaraq vəziyyəti izləyəcəyini təsdiqləyib”.
Qeyd edək ki, Fransa mayın 6-da gərginlik fonunda adaya yaxın ərazilərə iki dəniz patrul gəmisini göndərib. Bundan əlavə, etirazlara baxmayaraq, gəmilərdən biri Cersi limanına girib.
Dünən Fransanın adaya verdiyi elektrik enerjisini kəsmək təhdidindən sonra İngiltərənin iki patrul gəmisini Cersiyə göndərdiyi məlum olub.
Bundan əvvəl Fransa hökuməti Londonun Britaniya sularında balıq ovu ilə əlaqədar tətbiq etdiyi sanksiyalara cavab olaraq, ölkədəki ingilis banklarını bağlamaq barədə xəbərdarlıq edib.