Dünyanın ən güclü yeddi iqtisadiyatına (G7) malik olan ölkələrin zirvə toplantısında əsas mövzu Çin olub. Qərb ölkələrinin narahatlığının gedərək artdığının ortaya çıxdığı zirvədən kritik açıqlamalar edilib, Pekinin təzyiqini artırdığı Tayvanla əlaqəli hərəkətə keçiləcəyinin siqnalı verilib.
Teleqraf.com hazırda dünyanın ən güclü ikinci super gücü olan Çin və ona qarşı cəbhələnmənin detallarını oxucularına təqdim edir:
ABŞ və İngiltərədən sonra başqa ölkələrdə də böyüyən Çin təhdidinə qarşı çeşidli addımlar atmağa hazırlaşır. G7 ölkələrinin xarici işlər nazirləri Tayvanla daha çox əlaqə qurulması çağırışı etməklə yanaşı Çini boğazlar arası gərginliyi artırmaması üçün xəbədarlıq edib.
Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, İngiltərə və ABŞ-ın təmsil olunduğu G7 birliyi çərşənbə günü ortaq açıqlama yayımlayıb.
“Tayvan Boğazı boyunca sülh və sabitliyin əhəmiyyəti”nin vurğulandığı açıqlamada gərginliyi artıracaq, regional sabitliyi zədələyəcək və beynəlxalq qaydalara əsaslanan regional asayişə zərbə olacaq hərtərəfli hərəkətə kəskin reaksiya veriləcəyini bəyan edilib. Eyni zamanda bölgədəki hərbiləşmə, repressiya və hədə-qorxu xəbərlərindən narahatlıq ifadə olunub.
Nazirlər ayrıca hökumətlərin Tayvanın uzun zamandır hədəfində olduğu Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) daxil olmasını dəstəkləndiyini açıqlayıblar. Baxmayaraq ki, rəsmi Pekin COVID-19 pandemiyasına qarşı apardığı təsirli mübarizə ilə Tayvanın ÜST-ə daxil olmasını əngəlləyə bilib.
Bəllidir ki, Çin Kommunist Partiyasının öz torpaqlarının bir parçası kimi gördüyü, Çinlə “yenidən birləşmək” sözü verdiyi demokratik ada çərçivəsində hava və dəniz təlimlərinin ardından Tayvan ilə münasibətlərdə gərginlik durmadan böyüyür.
Çinlə problemlərin liberal yollarla həllinə maraq göstərən Fransa və Almaniya da yaranan durumdan o qədər də xoş deyil və Çinlə bağlı narahatlıqlarını artıq dilə gətirməyə başlayıblar. Məsələn, Avropa Parlamentinin Sosialist və Demokrat qrupu aprel açıqlamasında bəyan edib ki, Çin rejimi özünü hər hansı bir beynəlxalq razılaşma və sözləşməyə bağlı olaraq qiymətləndirmir. Həmçinin Avropa Parlamenti Çinlə imzalanan sərmayə razılaşmasını ratifikasya etməkdən imtina edib və Avropa Birliyi Çinin bir neçə dövlət adamına qarşı sanksiyalar tətbiq edib. Pekin də öz növbəsində Avropa Parlamentinin bir neçə deputatı və komitə sədrini sanksiya siyahısına əlavə edib.
Çin hələlik G7 açıqlamasına reaksiya verməyib. Pekində hökumət 1 mayla əlaqədar olaraq bir neçə günlük tətilə çıxıb.
Baxmayaraq ki, Çinin rəsmi dövlət agentliyi - Xinhua ABŞ dövlət katibi Antoni Blinkeni “Çin təhdidi” nəzəriyyəsini hazırlamaq üçün G7 toplantısından sui-istifadə etməkdə günahlandırır.
“İllər boyu Vaşinqton Sincan və Hin-Konq kimi məsələlərdə Çini şərləmək məqsədilə cəhdlərdən qaçınmayıb və insan haqları, demokratiya çətiri altında Çinin daxili işlərinə müdaxilə edir”,- Xinhua agentliyi bəyan edib.
Çinin XİN-in sözçüsü Vanq Venbin ölkəsinin Tayvanın müstəqilliyinə yönəlik separatçı fəaliyyətləri boşa çıxaracaq inanc və qabiliyyətə sahib olduğunu bəyan edib. Bildirib ki, Tayvan dövlət başçısı Tsai İnq-Ven Tayvan gərginliyinə görə məsuliyyət daşıyır.
Aydındır ki, Tayvan Çinin ən həssas regional problemidir. 2005-ci ildə Çin parlamenti Tayvanın müstəqilliyinə qarşı gündəmə gətirilən qanun layihəsini yekdilliklə qəbul edib. Qanun layihəsi rəsmi olaraq müstəqilliyini elan edəcəyi təqdirdə Tayvana qarşı hərbi gücdən istifadənin önünü açır. Çin Tayvanın bir gün ipə-sapa yatacağını düşündüyü halda, tayvanlılar özlərini müstəqil dövlət kimi görürlər. Pekin eyni zamanda beynəlxalq meydandan təcrid etməyə çalışdığı Tayvanla diplomatik əlaqələri olan az sayda ölkəyə sərt təzyiqlər edir. Pekin 2019-cu ildə Tayvanın müstəqilliyinin fəlakətə yol açacağını elan edib. Çin lideri Şi Cinpin ada ölkəsinin Pekinin hakimiyyətini qəbul etməyəcəyi təqdirdə cəza tədbirlərinin mümükünlüyünü dilə gətirmişdi.
Tayvan lideri Tsai isə Pekinə verdiyi reaksiyada bəyan edib ki, ölkəsinin “tək dövlət, iki sistem” mexanizmini qəbul etməyəcək. Əlavə olunub ki, Çinin imzaladığı 1992-ci il razılaşması “Tək Çin” mexanizminə işarə edir.
Tayvanın ən etibarlı müttəfiqi isə ABŞ-dır. Vaşinqton 2019-cu ilin aprel və may aylarında Pekinin ciddi etirazlarına rəğmən Tayvan boğazına hərbi gəmilər göndərib. ABŞ Tayvanla diplomatik əlaqələr qurmasını müxtəlif razılaşmalardan doğan müdafiə etmək bəhanəsi altında həyata keçirir.
Pentaqon bəyan edir ki, son 10 ildə Tayvana 15 milyard dollardan çox silah-sursat satışı həyata keçirilib.
Tayvan boğazı coğrafi mövqeyinə görə Çinlə Tayvanı bir-birindən ayırır. Boğazın eni 180 kilometrdir. 1949-cu ildə Çində daxili vətəndaş müharibəsi zamanı kommunistlərə məğlub olan millətçilər Tayvan adasına qaçıblar. Başqa sözlə, indi Tayvanı idarə edənlər 1949-cu ildən əvvəl Çini idarə edənlərin davamçılarıdır.
Artan Çin gücü və təhdidinə qarşı ABŞ başda olmaqla, Qərb koalisiyası Pekini cilovlamaq üçün əsasən Sincan və Tayvan məsələsini qabardırlar. Artıq İngiltərə parlamentinin bir neçə nüfuzlu üzvü Çinin Sincandan həyata keçirdiyi siyasətin soyqırımı kimi tanınmasının mümkünlüyünü dilə gətirirlər. Çin hazırda ciddi basqılara məruz qalmasına baxmayaraq, həm də ciddi pressinqləri ilə diqqəti cəlb edir. Amma Pekin etibarlı müttəfiq baxımından zəif tərəf kimi görünür. Pekinin ən yaxın müttəfiqləri Rusiya, İran və Şimali Koreya sayıla bilər. Amma onların da hər biri Qərb sanksiyasının təsiri altındadır. Bu mənada Çinin Qərb koalisiyasının ticarət savaşlarına qarşı hansı siyasət izləyəcəyinin rüşeymləri görünmür.