Kubada son 24 saat ərzində 1383 koronavirusa yoluxma hadisəsi qeydə alınıb ki, bu da pandemiya başlayandan bəri ölkə üzrə ən yüksək göstəricidir.
Teleqraf.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin məlumatında bildirilib.
Qeyd edilib ki, ümumilikdə, ölkədə 123 221 yoluxma hadisəsi qeydə alınıb.
Səhiyyə Nazirliyinin Epidemiologiya Departamentinin direktoru Fransisko Duran bildirib ki, son bir gündə ölkədə koronavirusdan 11 nəfər ölüb. Onun sözlərinə görə, hazırda respublikada 6864 koronavirus xəstəsi var, 126 nəfər reanimasiya şöbəsindədir. 88 nəfərin vəziyyəti ağırdır.
Qeyd edək ki, Kubada pandemiya başlayandan bəri koronavirusdan 796 nəfər ölüb, 115 505 xəstə sağalıb.
Ən çox yoluxma Havana, Santiaqo de Kuba, Quantanamo və Matanzas vilayətlərində aşkarlanıb.
Məlumat üçün bildirək ki, Kuba həkimləri koronavirusa qarşı 5 peyvənd hazırlayıb. Respublika rəhbərliyi bu il Kubanın bütün əhalisini peyvənd etməyi planlaşdırır.