“Voenniy Obozrevatel” Teleqram kanalı Amerika kəşfiyyatının hesabatına istinad edərək, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandanı, generalı Qasım Süleymaninin qətlinin təfərrüatlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, mənbə ABŞ tərəfindən öldürülən generalın yaşadığı evə casus proqramı quraşdırılmış bir mobil telefonun gətirildiyini yazıb.
Mənbə mənzilə yerləşdirilmiş cihazların tez-tez dəyişdirilməsinə diqqət çəkib.
İddiaya görə, Süleymaninin təyyarəsinin Bağdada enməsindən altı saat əvvəl amerikalılara generalın istifadə etdiyi üç cib telefonunun nömrələri verilib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) mütəxəssislərinin onları nəzarətə götürdüyü bildirilib.
İddiaya görə, şəhərin şərq hissəsi əməliyyatdan əvvəl bağlanıb, əraziyə snayper qrupları yerləşdirilib. Əməliyyat məlumatları ən gizli bölmələrdən birinin mütəxəssisləri tərəfindən toplanıb. Təyyarənin enişindən sonra Süleymani ABŞ-ın müttəfiqi kürd xüsusi təyinatlılarının hava limanıdakı üzvləri tərəfindən təsbit edilib.
Bu zaman “MQ-9 Reaper” dronları Bağdad üzərində intensiv kəşfiyyat uçuşları həyata keçirib. Mərkəzi qərargaha məlumat ötürüldükdən dərhal sonra Süleymani və Əbu Mehdi əl-Mühəndisin olduğu avtomobil vurulub.
İkinci avtomobil sürətini artırsa da, snayper tərəfindən sıradan çıxarılıb.