17 May 2021 09:14
4 637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz Ukraynanın müasir hərb tarixinin ən tanınmış simalarından biridir.

Yolçu Əliyev 1964-cü il noyabrın 5-də Beyləqan rayonunun Daşburun kəndində anadan olub. Bakıda Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirdikdən sonra məktəbdə bədən tərbiyəsi müəllimi işləyib.

1987-ci ildə təhsilini davam etdirmək üçün Ukraynanın paytaxtına - Kiyevə gəlib. Kiyev İqtisad Universitetində ikinci ali təhsilini alıb. Burada ailə qurub.

“Maydan” hərəkatında

2014-cü ildə hakimiyyət dəyişikliyi ilə yadda qalan “Maydan” olaylarının fəal iştiraçılarından biri də Yolçu olub.

Ön cəbhədə

Yolçu Əliyev həmin ilin yayında 24-cü müdafiə taboru - “Aydar”ın sırasında könüllü olaraq Donbasda gedən antiterror əməliyyatlarında iştirak etmək üçün cəbhəyə yollanıb.

Döyüş yoldaşları arasında “Ruslan” ləqəbi ilə tanınan Yolçu Əliyev Luqansk vilayətinin bir çox yaşayış məntəqəsinin azad edilməsində iştirak edib. İyul ayında baş verən həmin döyüşlərdə Şastya, Rubijne və Severdonetsk kimi şəhərlər işğalçılardan azad olunub.

Düşmən mühasirəsində

İyulun 27-də Lutuqin şəhəri yaxınlığında baş verən döyüşlərdə “Aydar” taboru ağır itkilər verib.

Həmin gün tabor döyüşlərin ən qızğın nöqtəsinə doğru irəlilədi. Yolçunun olduğu kəşfiyyat qrupu irəli gedərək hücum bölgəsində heç kimin olmadığını bildirdi. Bu xəbərdarlıqdan sonra daha 5 kilometr də irəli getdilər və pusquya düşdülər. Terrorçular ukraynalı hərbçiləri minaatan, pulemyot və SVD tüfənglərindən atəşə tutdular. Qrup Lutuqinə gedən dəmir yoluna tərəf yönəldi. Həmin ərazidə baş verən partlayışda bir neçə əsgər şəhid oldu, üçü hələ sağ qalmışdı, amma onlar da hər tərəfdən atəş altında idilər. Tabor axşam Lutuqini azad etdi. Həlak olan 13 nəfər arasında Yolçu Əliyev də vardı.

Taborun bir çox üzvü sonradan əsir götürülərək işgəncə ilə öldürülüb. Yolçu Əliyev Georgiyivka kəndində gedən döyüşlərdə həlak olub. Düşmənin – rus separatçılarının nəzarət məntəqəsini ələ keçirməyə cəhd edərkən həyatını itirib.

Yolçu Əliyev Kiyevdə dəfn olunub.

Prezidentin fərmanı

Döyüş yoldaşları onu cəsur, dürüst və qorxmaz bir insan kimi xatırlayırlar.

Ukrayna Prezidentinin 28 iyun 2015-ci il tarixli fərmanı ilə Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi cəsarət və yüksək peşəkarlığına və hərbi andına sadiqliyinə görə, Yolçu Əliyev III dərəcəli “İgidliyə görə” ordeni ilə təltif edilib.

Adı Kiyevdəki “Ukraynanın suverenliyi uğrunda şəhid olanların Xatirə Divarı”nda əbədiləşdirilib.

Ölümündən sonra “Luqansk hava limanının müdafiəsi uğrunda” döş nişanına layiq görülüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər