Türkiyə hakimiyyəti daha əvvəl tətbiq edilmiş tam lokdaun sayəsində koronavirusun ölkədə yayılmasını yenidən nəzarət altına almağa müvəffəq olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Biz Ramazan ayı ərzində tətbiq etdiyimiz lokdaun sayəsində pandemiyanı önəmli dərəcədə tam nəzarət altına ala bildik. Nazirlər Kabinetinin iclasında həmçinin ölkədə iyunun 1-dən başlanacaq vəziyyətin normallaşdırılması üzrə tədricən atılacaq addımların ikinci mərhələsini müzakirə etdik", - deyə Türkiyə rəhbəri Ankarada keçirdiyi mətbuat konfransında deyib.
Ərdoğanın sözlərinə görə, Türkiyə həmçinin vaksinləmə prosesini sürətləndirir. "Biz mümkün qədər bütün risk qruplarını, xüsusən müəllimlərimizi sürətlə peyvənd etməyə çalışırıq", - Türkiyə prezidenti qeyd edib.
Rəcəb Tayyib Ərdoğan həmçinin ölkədə koronavirusla mübarizə üçün ciddi məhdudlaşdırıcı tədbirlərin daha lazım olmayacağına ümidini ifadə edib.