İsveçrə müfəttişləri 19-21 may tarixləri arasında Voronej və Belqorod bölgələrində Rusiyanın hərbi fəaliyyətinin miqyasını araşdıracaqlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Nüvə Təhlükəsinin Azaldılması üzrə Milli Mərkəzin rəhbəri Sergey Rıjkov məlumat verib.
“Rusiya Federasiyası bu yoxlamaya razılıq verib. İsveçrə tərəfindən müəyyən edilmiş ərazi Voronej və Belqorod bölgələrində yerləşir və təxminən 15 min kvadrat kilometr ərazini əhatə edir”, - Rıjkov bildirib.
Onun sözlərinə görə, bu cür yoxlamalar konkret bir ərazidə aparılan hərbi fəaliyyətin miqyasını müəyyənləşdirmək və əvvəlcədən bildirilmək şərti ilə həyata keçirilir.
Beynəlxalq təhlükəsizlik mexanizmlərini inkişaf etdirmək və ATƏT ərazisindəki hərbi qarşıdurmaların qarşısını almaq üçün Vyana sənədi 2011-ci ilin noyabrında qüvvəyə minib. Buna görə iştirakçı dövlətlər mütəmadi olaraq hərbi qüvvələr, müdafiə xərcləri və hərbi planlaşdırma barədə məlumat mübadiləsi aparırlar.