Rəsmi Moskva rusiyalı diplomatın Şimali Makedoniyadan qovulmasına cavab verəcək.
Teleqraf.com xəbər verir ki, müvafiq bəyanat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilib.
Xarici İşlər Nazirliyi yerli hakimiyyət orqanlarının rus diplomatlarından birini “persona non qrata” elan etməsi qərarını “dost olmayan addım” adlandırıb: “Rusiya-Şimali Makedoniya münasibətlərinə təsir göstərən addımları qətiyyətlə pisləyirik”.
Mayın 19-da Şimali Makedoniyanın bir rus diplomatını ölkədən qovacağı məlum olub. Ona ölkədən getmək üçün bir həftə vaxt verilib. Diplomatik şəxsin adı dəqiqləşdirilməyib.
Çexiya aprelin sonlarında Avropa ölkələrini rus diplomatlarını qovmağa çağırıb. Slovakiya, Latviya, Litva, Estoniya və Bolqarıstan tərəfindən bu çağırışa müsbət cavab verilib.