Çeçenistanın paytaxtı Qroznıda yerləşən “Severnıy” hava limanının ad seçimi ilə bağlı səsvermə sona çatıb - iştirakçıların demək olar ki, 90 faizi hava limanının respublikanın ilk prezidenti Axmat-Hacı Kadırovun adı ilə adlandırılmasına səs verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Çeçenistanın İctimai Palatası məlumat yayıb.
Ad seçimi ilə bağlı müsabiqə İctimai Palata tərəfindən bu il 12 aprel tarixində elan edilib, müsabiqə dörd mərhələdə keçirilib və mayın 17-də sona çatıb. Səsvermə İctimai Palatanın veb saytında, telefonla, SMS səsvermə ilə baş tutub və ictimai rəy sorğusu da keçirilib.
İddaçılar arasında Böyük Vətən Müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı Movlid Visaitov, çeçen ədəbiyyatının klassiki Abuzər Aydəmirov, məşhur sovet artisti və rəqqası Mahmud Esambayev və başqaları var idi.
“Respublika sakinlərinin 89,6%-i səsini Çeçenistan Respublikasının ilk prezidenti, Rusiya Qəhrəmanı, rus və çeçen dövlət, siyasi və din xadimi Axmat Kadırova verdi”, - deyə məlumatda bildirilir. Visaitov 4,5%, Aydəmirov - 3,5%, Esambayev - 0,4% səs toplayıb.
Çeçenistan İctimai Palatasından bildiriblər ki, səsvermənin nəticələri qanunvericilikdə təsbit olunması üçün Rusiya İctimai Palatasına və Rusiya Federasiyası hökumətinə göndəriləcək.
Axmat-Hacı Kadırov 9 may 2004-cü ildə Qroznıdaki “Dinamo” stadionunda parad zamanı törədilən terror aktı nəticəsində öldürülüb. Qroznının əsas prospekti, “Çeçenistanın Ürəyi” məscidi, Qroznı futbol klubu, doğulduğu kənd, habelə respublikanın rayon və şəhərlərindəki əsas küçələr, respublika daxilində və xaricdə çoxlu parklar, prospektlər, məktəb və meydanlar onun adını daşıyır. Moskvada Cənubi Butovoda bir küçə, İsrailin Əbu-Qoş kəndində küçələrdən biri və məscid, habelə Sankt-Peterburqda körpü onun adı ilə adlandırılıb.