Fransa Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Fransua Lekuantr 2030-cu ilədək qarşıdurma risklərinin artacağını iddia edib.
Teleqraf.com xəbər verir ki, fransalı general “soyuq müharibə”dən sonra daha böyük qarşıdurmaların olmayacağı fikrini “sadəlövhlük” adlandırıb.
Onun sözlərinə görə, dünya ABŞ və Çin arasındakı rəqabət ətrafında yeni dünya düzəninin qurulmasına doğru gedir.
Lekuantr bu prosesdə dünyanın bütün ölkələrinin tərəflərini seçmək məcburiyyətində qalacağını söyləyib.
General hazırda sualtı və kosmik sahələrdə böyük sıçrayışlar edən Rusiya və Çinin təhlükəli rəqiblər olduğunu bildirib. Eyni zamanda, bu qarşıdurma riskinin çox qorxunc olduğuna diqqət çəkib.
Lekuantr Moskvanın rəqəmsal texnologiyaları ilə Avropada demokratik modeli zəiflətməyə çalışdığına əminliyini də ifadə edib.
“Bu gün Rusiya, Türkiyə və ya Çinin Afrikadakı varlığı həyəcanvericidir”, - baş qərargah rəisi vurğulayıb.
Lekuantr münaqişə riskinin 2030-cu ilə qədər artacağı fikrini də dilə gətirib: “Gərginlik daha ciddi olacaq. “Soyuq müharibə”nin sonunda bəziləri sadəlövhcəsinə inanırdılar ki, bundan sonra böyük qarşıdurmalar olmayacaq”.
General Qərb dünyasına qarşı narazılığın getdikcə artdığını bildirib. Onun fikrincə, bu qeyri-sabitliyin 10-20 ildə başa çatacağını düşünmək üçün heç bir səbəb yoxdur.