Rusiyada ölkədə qalmaq hüququ olmayan, ancaq şərtlərə görə buna məcbur olan miqrantlar üçün xüsusi qanuni rejim tətbiq ediləcək.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat verib.
Bu rejimə görə, miqrantlara pozuntu halında məhdudiyyətlər və inzibati məsuliyyət tətbiq edilə bilər. Rejimə “Nəzarət edilən qalmaq” adı veriləcək.
Rejim Rusiyada qalmaq üçün heç bir qanuni əsası olmayan, ya da bu və ya digər səbəblə öz vətənlərinə gedə bilməyən miqrantlara tətbiq ediləcək.
Qanun, məsələn, müəyyən edilmiş cərimələri ödəmək və ya məhkəmə prosesində iştirak etmə səbəbindən Rusiyadan çıxışı məhdudlaşdırılan əcnəbilərə şamil ediləcək. Bu, təhlükəli yoluxucu xəstəlikləri olan xaricilərlə də əlaqəli tətbiq edilə bilər.