“Qərb sürətlə Rusiya ilə yaxınlaşmalı, bütün sanksiyaları qaldırmalırdır”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
Ekspert Qərb ölkələrinin Rusiya və digər dövlətlərə qarşı sanksiya siyasətinə diqqət çəkib:
“Avropa Birliyi ölkələri Belarusu cəzalandırmaq üçün həmin ölkədən Qərbə uçuşları dayandırmaq istəyir. Lukaşenko onsuz da AB ölkələrinə getmir, məmurların bir çoxuna da sanksiyalar var. Bəs Avropa bu addımla kimi cəzalandırır? Sadə belarusluları - ölkə vətəndaşlarını? Bəlkə, elə müxtəlif yollarla təqiblərdən Avropaya qaçmaq istəyən insanlar var, bəlkə ümidləri viza alıb Avropa gedərək orada qalmaq idi, onları niyə cəzalandırırlar? AB anlamırmı ki, bu addımı, tam əksinə, Belarus cəmiyyətini Qərbə qarşı qaldırır? Bir sözlə, Rusiya və Belarusun atdığı addımlara kollektiv Qərbin verdiyi qeyri-adekvat reaksiya anlaşılan deyil - belə yarımçıq və düşünülməmiş qərarlarla bütün post-sovet məkanının Qərbdən gözləntilərini aşağı çəkir, Kremlin ətraf ölkələrə təzyiqini daha da stimullaşdırır.
Sanksiya siyasəti tam iflasa uğrayıb, bunu anlamaq lazımdır, tam əks siyasət olmalı, Qərb sürətlə Rusiya ilə yaxınlaşmalı, bütün sanksiyaları qaldırmalı, Qərb biznesinin Rusiyaya daha dərindən nüfuz etməsi üçün şərait yaratmalıdır. Dünya təcrübəsi göstərir ki, xarici kapital, daha sıx iqtisadi əlaqələr, investisiyalar ölkələri daha çox açılmağa sövq edir, insanları daha sivil cəmiyyətdə yaşamaq hissini stimullaşdırır. Sanksiyalar isə, tam tərsi, avtoritar rejimlərin daha çox qapanmasına, xarici düşmən obrazının yaradılaraq daxili konsalidasiyaya səbəb olur”.
Natiq Cəfərli qeyd edib ki, onillərdir İran və Şimali Koreyaya qarşı davam edən sanksiya rejimi heç bir pozitiv nəticə vermədi:
“Rusiya ilə də verməyəcək, əksinə, ölkənin bir nəfər, bir ideya ətrafında daha sıx birləşərək daxili potensialı hesabına güclənməsinə səbəb olur, olacaq”.