Liviyada 2020-ci ilin oktyabrında əldə olunan razılaşmaya baxmayaraq, qiyamçıların lideri general Haftar üçün Suriyadan muzdlu əsgər daşındığı ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Liviya ordusuna bağlı Qəzəb Vulkan Əməliyyatı ofisinin mətbuat xidmətinin açıqlamasında bildirilib.
Qeyd edilib ki, bu addım BMT və 5+5 Birgə Hərbi Komitənin qərarlarına ziddir. Açıqlamada Dəməşqdən və Lazkiyedəki Rusiyanın Himeymim hava limanından qalxan “Chan Vings” adlı hava yolu şirkətinə aid təyyarələrin Benqazidəki Benina hava limanına və Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) nəzarətindəki El-Hadim hava bazasına endiyi açıqlanıb.
Adı çəkilən hava yolu firmasının Bəşər Əsədin yaxınlarına aid olduğu və ABŞ-ın sanksiya siyahısına salındığı qeyd edilib. Bildirilib ki, bu şirkətə aid təyyarələr Liviya hava sahəsinə daxil olduqdan sonra radarlardan gizlənməyə çalışır.
Qeyd edək ki, hazırda Türkiyə Liviyadakı BMT tərəfindən tanınan legitim hökuməti müdafiə edir və ona hər cür dəstək göstərir. Feldmarşal Xəlifə Haftar isə bəzi ölkələrin dəstəyi ilə Liviyada legitim hökuməti yıxıb özünü yeni dövlət başçısı elan etmək niyyətindədir.