6 İyun 2021 09:16
6 812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Rusiyanın ən tanınmış simalarından biridir.

Azər Talıbov 1979-cu il fevralın 10-da Rusiyanın paytaxtı Moskva şəhərində anadan olub.

2002-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin magistraturasını bitirib. İqtisad elmləri doktorudur. 2009-cu ildə Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “İnnovativ İqtisadiyyatın İnkişafına dair Strateji Planlaşdırmanın Təkmilləşdirilməsi” tezisini müdafiə edib.

2002-ci ilin noyabr ayından 2008-ci ilədək Rusiya İqtisadi İnkişaf və Ticarət Nazirliyində müxtəlif vəzifələrdə işləyib. Həmin illərdə sözügedən quruma German Qref rəhbərlik edib.

2008-ci ilin iyun ayından 2012-ci ilin iyun ayınadək Rusiya iqtisadi inkişaf nazirinin (Elvira Nabiullina) köməkçisi postunda olub.

2012-2013-cü illərdə Rusiya Prezidenti Aparatında işləyib. Rusiya prezidentinin köməkçisi Elvira Nabiullinanın aparat rəhbəri olub.

2013-2017-ci illərdə Rusiya Mərkəzi Bankında işləyib. Bu müddət ərzində Mərkəzi Bankın sədri Elvira Nabiullinannın katibliyinin rəhbəri postunu tutub.

2017-ci il yanvarın 28-də Rusiya iqtisadi inkişaf nazirinin müavini təyin edilib. Azər Talıbov maliyyə və bank fəaliyyəti, investisiyanın inkişafı, layihə idarəetməsi, büdcə planlaşdırması və dövlət proqramları, biznesin idarə edilməsi, dövlətin hədəf proqramları və kapital qoyuluşları şöbələrindən məsuliyyət daşıyıb. Lakin 2020-ci il may ayında öz ərizəsi ilə bu vəzifədən ayrılıb. Bundan sonra “Rosexsimbank”ın idarə heyətinin sədri təyin olunub.

Qida Bazarlarının Konyunkturasındakı Dəyişikliklərə Nəzarət və Operativ Reaksiya üzrə Hökumət Komissiyasının üzvüdür.

Azər Talıbov II dərəcəli “Vətənə xidmətlərinə görə” ordeni ilə təltif olunub. Bundan başqa, 2011-ci ildə Rusiya Prezidenti Vladimir Putinin təşəkkürnaməsi ilə təltif edilib.

Ailəlidir, iki övladı var.


Müəllif: Mənsur Rəğbətoğlu