“S-400 raketləri NATO-nun təhlükəsizliyi üçün heç bir risk daşımır. Türkiyə S-400 məsələsinə realizm nöqteyi-nəzərindən və konstruktiv dialoq əsasında yanaşmaq niyyətindədir”
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın “L'Opinion” qəzetinin bazar günü dərc olunan buraxılışında bildirib.
Çavuşoğlu bildirib ki, Ankara “Courbet” freqat gəmisi haqqında deyilənlərin əksinə olaraq” müttəfiqlərin hər hansı bir gəmisinə qarşı düşmən addım atılmadığına dair dəlilləri NATO-dan olan tərəfdaşlarına təqdim edib.
Xatırladaq ki, “France 24” telekanalının verdiyi məlumata görə, 2020-ci il 18 iyun gecəsi Liviya sahillərində Türkiyəyə məxsus freqat gəmisi NATO-nun “Sea Guardian” əməliyyatında iştirak edən Fransa freqat gəmisinin yüklərin yoxlanılması ilə bağlı tələbi yerinə yetirməkdən imtina edib. Bildirilib ki, yoxlamadan yayınan türk gəmisi raketin radarla idarə edilməsi sistemi vasitəsilə Fransa hərbi gəmisini hədəfə alıb və bu addım Fransa hərbi qurumu tərəfindən “son dərəcə düşmən və təcavüzkar addım” kimi qəbul edilib.