Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Brüsseldə keçiriləcək NATO sammiti çərçivəsində amerikalı həmkarı Co Baydenlə görüşəcəyi Yunanıstanda narahatlıq yaradıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə lideri sammitdə Yunanıstan Baş naziri Kiryakos Miçotakislə də görüşəcək.
Ərdoğan-Baydenin görüşünün Ərdoğan-Miçotakis görüşündən əvvəl olub-olmayacağı Afina üçün önəmli olduğu bildirilib.
“Əgər Ərdoğan Baydendən əvvəl Miçotakislə görüşsə, kartlarını açmaq üçün Amerika lideri ilə görüşü gözləyəcək. Əgər Miçotakisdən əvvəl Baydenlə görüşsə, o zaman da bu görüşün nəticəsi Miçotakislə görüşünə böyük ölçüdə təsir edəcək”, - “Real News” qəzeti yazıb.
“Kathimerini” qəzeti isə Ərdoğan-Miçotakis görüşünün iki liderin əvvəlki təmaslarından fərqli olacağını bildirib. Qəzet iki liderin təkbətək görüşəcəyini iddia edib.
Qeyd edək ki, Prezident Ərdoğan Baş nazir Miçotakislə son dəfə 2019-cu ildə görüşüb.