Türkiyənin “Ortadoğu” qəzetinin yazarı Murat İde Dağlıq Qarabağ həqiqətləri ilə bağlı məqalə yazıb.
Teleqraf.com həmin yazını təqdim edir:
Qarşıdan 2015-ci il gəlir. Ermənistan, erməni lobbisi, erməni diasporu, erməni dərnəkləri və federasiyaları sakit dayanmır. Onlar 1915-ci il hadisələrinin ildönümündə dünyanı ayağa qaldırmaq niyyətindədir.
Bəs biz nə edirik? Başımızda qardaş torpağını işğal etmiş Ermənistanla sərhədləri açmaq istəyən bir iqtidar durur. Ermənistanın etdiyi vəhşiliklərə qiymət verməyi beynəlxalq hüququn öhdəsinə buraxan və Dağlıq Qarabağa gedən jurnalistlərimiz var. Ermənilərin acılarını anlamaq üçün işğal altındakı torpaqlara qaçan Nagehan Alçılar kimi liderlərimiz var. Türklərin çörəyini yeyib, ancaq türkləri “işğalçı” adlandıranlarımız var.
“Soyqrımı” yalanını açıqlamaq üçün “Kəsik” filmini çəkən rejissor Fatih Akın görün, öz filmi haqqında nə deyir: “Ermənilər nə gözləyir, bilmirəm. Mənim gözləntim bir türk rejissorun Xocalını anlamasıdır.
Bu aralar insanlıq üçün yeni bir bəla var: KOBANİ (Eyn Əl-Ərəb)
Bu məsələnin ermənilərlə nə əlaqəsi deyə sual verə bilərsiz. Ancaq ermənilər bu məsələ üzərində də artıq işləməyə başlayıb.
Buyurun, bir nümunəni diqqətə çatdırım. Türkiyənin "T24.com.tr" adlı məşhur internet saytının yazarı 25 oktyabr tarixli yazısında Dağlıq Qarabağdakı "insanlıq dramı"ndan bəhs edir. Bu, işğalçıların hekayələrindən bəhs edən "insanlıq dramı"dır. Azərbaycanın itkin düşmüş anaları, körpələri ilə maraqlanmayan Nalçı ermənilərin “əziyyətlər"ini anladır və yazı bu cümlə ilə başa çatır: “Qarabağda üzləşdiyim Kobani... Gələcəyini özü təyin etmək istəyən xalqların oğulları heç vaxt savaşmır. Onlar evlərini və ailələrini qoruyur”.
Budur, yazımın əvvəlində dediyim fikir: “Qarabağa Kobanidən baxmaq”. Bu fikri yadınızda saxlayın. Çünki hələ çox qarşımıza çıxacaq. Nə üçün? Çünki Kobani hazırda dünyanın gündəmindədir və dünya ictimaiyyəti bu “malı” almağa hazırdır. Tacir erməni siyasəti bu fürsəti qaçırar, yoxsa? Əslində Kobani dramı Qərbin Kürdüstan siyasətinin bir hissəsidir. Onlar hiyləgər addımlarla bölgədəki erməni və kürd əhalisini ayağa qaldırmağa, sonra isə insani dram ilə dünyada ticarət etməyə çalışır. Yəni Aris Nalçı demək istəyir ki, Dağlıq Qarabağdakı ermənilər Kobanidəki kimi vətənlərini qoruyurlar.
Əgər Kobaniyə Qarabağ üzərindən baxacaqsansa, bir az da beynəlxalq hüququn pəncərəsindən bax. Çünki o pəncərədən belə görünür: “Kobani kürd ölkəsi deyil, Suriya ərazisidir. Necə ki, Dağlıq Qarabağ da işğalçı ermənilərin deyil, mənim qardaşımın, Azərbaycanın torpağıdır”.
Dediyim kimi erməni lobbisi boş dayanmır, hər imkanı, hər fürsəti diqqətlə izləyir. Biz isə yatırıq. Yatmaqla kifayətlənmir, üstəlik xəyanət qələmlərini baş tacı etməyə davam edirik. Qarabağa gedib “Bura Ermənistan torpağıdır” deyən alçaqlara “türk jurnalisti” deyirik.
Qardaşımın yurdunu işğal etmiş əllərə ölkəmi idarə edənlər tərəfindən üstünlük verilirsə, demək burda biz uduzmuşuq.
Bilirəm ki, azərbaycanlı həmkarlarım, qardaşlarım da türk jurnalistlərin son 7-8 illik Dağlıq Qarabağ səyahətlərinə və oradan yaydıqları yalanlarına etiraz edir. Amma bunun türkiyəli, ya azərbaycanlı olmasının nə fərqi var?! Buyurun, sizə azərbaycanlı Arzu Qeybullayevanı misal gətirim. O da azərbaycanlı bir jurnalist və Türkiyədəki “Agos” qəzetində işləyir.
Dağlıq Qarabağa qanunsuz səfərlər edən jurnalistlərin, bir gün belə Xocalının, Laçının əzablarını anlamağa çalışdığını görsəm, qəm yemərəm. Amma Dağlıq Qarabağa səfər edənlərə cinayət törətdiyini xatırladan türk hökuməti bunu cəzasız qoyur. Buna görə Azərbaycan hökuməti Türkiyəyə xəbərdarlıq etməlidir. Amma qardaşa bunu necə etsin?!
Məncə, etməlidir. Təəssüf ki, Türkiyə 12 ildir ki, “tacir erməni siyasətilə” tənzimlənir. Ermənistanla sərhədlərin açılması qardaşlığa sığmaz.
Baxın, mən sizə daha bir açıqlama verim:
Dağlıq Qarabağa gedib, bura "Ermənistan torpağıdır" deyən türk jurnalistlərin müdirlərinin Azərbaycanda milyonlarla dollarlıq işləri var.
Bunların müdirləri Bakının imkanlarından milyonlarla dollar qazanır. Rəhmətlik nənəm həmişə deyərdi: “Yediyin qaba tüpürmə”. Bunlar gördüyü işlərlə yedikləri qaba tüpürürlər. Təəssüf, amma tüpürcək vəziləri ilə AŞPA və erməni lobbisi qidalanır.
Bu erməni lobbisinin qələmlərini diqqətlə təqib edin. Siz də, ey Türkiyə Jurnalistlər Cəmiyyəti, Mətbuat Şurası, "Qarabağa Kobanidən baxın" deyənlərə reaksiya verin ki, adınızı qazanın.
“Agos” qəzetindəki azərbaycanlı Arzu kimi millətinizi və qardaşınızı müdafiə etdiyiniz günü görsəm, öləndə qəm yemərəm.
Yatırıq dedim, amma çox şükür oyaq olanımız da var. Əhməd Şəfəq kimiləri də var. Şəfəq aprel ayında təqdim edəcəyi filmi üçün həvəslə işləyir. Bir türk bu məsələyə necə baxır, necə baxmalıdır, oradan öyrənəcəyik. Bu, Qarabağa Kobani üzərindən "KÜRD" baxışı deyil, Qarabağdan "QURD" baxışıdır”.
Tərcümə etdi: Samir