İngiltərənin nüfuzlu "Faynənşl Tayms" ("Financial Times") qəzeti Türkiyədə qarşıdurmaların yenidən qızışacağı təqdirdə PKK-nın yox ola biləcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, bu təhlükəni PKK üçün “xalqla əlaqələr və strategiya fəlakəti” adlandıran qəzet baş verən proseslərin PKK üçün yaxşı nəticələnməyəcəyini deyib:
“Türklər üçün PKK-nın həbsdəki lideri Abdullah Öcalan 30 ildən çox bir müddətdə 40 min adamın ölümünə yol açan bir insan deməkdir. Ancaq son iki ildə Öcalan kürd hərəkatının lideri olaraq qanlı üsyanların dayandırılması üçün hökumətin ən böyük ümidi yerinə çevrilib. Lakin küçə qarşıdurmalarında onlarla adamın ölməsi, PKK ilə qarşıdurmaların yenidən başlaması və cənub-şərqdə əsgərlərin öldürülməsi səbəbilə Ankara ilə Öcalan arasındakı danışıqlar ən həssas və qanlı mərhələsini yaşayır”.
Öcalanın kürdlər üzərindəki nüfuzunun hər şey olmadığını qeyd edən qəzet qarşıdurmaların davam edəcəyi təqdirdə təşkilati zəifliyin daha da artacağını bildirib: “Öcalanın kürdlər üzərində böyük nüfuzu var. Hal-hazırda İmralı adası rəsmi müzakirələrə çevrilməyən sülh danışıqlarının mərkəzidir. Ancaq Öcalanın açıqlamaları ilə yaşanan hadisələr arasında sinxron uyğunsuzluq var. Öcalan kürdlərin Allahı deyil. Getdikcə hadisələr daha narahatedici bir şəkildə inkişaf edir. Bu, qarşıdurmaların yenidən başlaması və kürd döyüşçülərin İŞİD ilə mübarizə fonunda Qərbdən yardım alması PKK üçün xalqla əlaqələr və strategiya fəlakəti doğura bilər”.