İranla bağlanmış nüvə sazişini xilas etmək üçün aparılan Vyana danışıqlarının altıncı raundu yekun nəticə əldə olunmadan başa çatıb.
Teleqraf.com xəbər verir ki, diplomatik dairələr danışıqlarda irəliləyiş əldə olunduğunu və bir sıra mühüm elementlər üzrə razılıq əldə olunduğunu bildiriblər. Bununla belə ən çətin və əsas mövzularda hələ də həllini gözləyir.
Avropa İttifaqı tərəfindən danışıqlarda iştirak edən Enrike Mora mətbuata verdiyi açıqlamada yekun razılaşmaya aydın şəkildə yaxınlaşmanın mümkün olduğunu, lakin danışıqların hələ final mərhələyə çatmadığını qeyd edib. Danışıqlarda Rusiyanı təmsil edən səfir Mixail Ulyanov isə öz sosial media hesabında razılaşmanaın əlçatarda olduğunu, lakin hələ yekunlaşmadığını yazıb. İranın xarici işlər nazirinin müavini Abbas Ərakçı da son danışıqların indiyədək razılaşmaya ən yaxın səviyyəyə çatdığını bildirib.
E. Mora eyni zamanda mətbuata verdiyi açıqlamada danışıqların əbədi davam etdirilməsini qeyri-mümkün hesab edib. O ümidvar olduğunu ki, nümayəndə heyətləri öz ölkələrindən sazişi yekunlaşdırmağa dair aydın təlimat və ideyalarla danışıqların növbəti raunduna geri dönəcəklər.
Qeyd edək ki, nüvə sazişinin xilası istiqamətində aparılan danışıqların ən çətin məqamı İrana qarşı ABŞ sanksiyalarının aradan qaldırılması ilə İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması arasında həssas balansı yarada bilməkdir. Danışıqların növbəti raundunun tarixi hələlik açıqlanmayıb.