Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev “Sputnik V” vaksini ilə vaksinasiya olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.
“Qazaxıstanın ilk prezidenti Karaqanda əczaçılıq zavodunda istehsal olunan “Sputnik V” peyvəndinin ilk komponentini aldı”, - deyə Nazarbayevin rəsmi saytında yerləşdirilən açıqlamada bildirilib.
Peyvənddən sonra Nazarbayev sanitariya və epidemioloji təhlükəsizlik tədbirlərinə riayət etmək və fəal şəkildə peyvənd olunmaqla bağlı qazaxıstanlılara müraciət edib.
“Hazırda Qazaxıstanda 3 milyona yaxın insan peyvənd olunub. Bu gün mən də koronavirus əleyhinə peyvənd olundum. Bütün qazaxıstanlıları peyvənd vurdurmağa davam etməyə və bundan qorxmamağa çağırıram. İndi peyvənd almaq xüsusilə vacibdir. Çünki virusun yeni ştammları ortaya çıxıb. Bu, öz sağlamlığımız naminə edilməlidir. Biz çətin dövrdə yaşayırıq. Biz bütün bunları birlikdə yaşamalıyıq. Hər kəsə cansağlığı və firavanlıq diləyirəm”, - deyə Nazarbayevin mətbuat xidməti onun sözlərindən sitat gətirir.