Türkiyədə qırmızı bülletenlə axtarışda olan “Çiftlik Bank”ın qurucusu Məhməd Aydının Türkiyə hüquq-mühafizə orqanlarına təslim olmaq qərarı "niyə indi?" sualına səbəb olub.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, "Hürriyyət" qəzetinin yazarı Musa Kesler M.Aydının bu qərarının arxasında üç ehtimalın olduğu bildirilib.
"Birinci ehtimal: Pulları bitib. Həm gizlənmək, həm də alışdığı lüks həyatı davam etdirmək üçün çox pul xərcləməli oldu və bir müddət sonra bu yükü daşıya bilmədi.
İkinci ehtimal: Qaçaqkən yardım aldığı mafiya qruplarının basqısı onu "boğub". Aydın yaxalanmamaq üçün mafiyaya bənzər qruplardan dəstək alırdı. Bu qruplar bir tərəfdən onun gizlənməsinə kömək edərkən, digər tərəfdən də onu təqib edəcək mafiya qruplarından qoruyurdular.
Üçüncü ehtimal: Bitkoin investisiyasından qazandıqları ilə zərərçəkmişlərin pulunu ödəyə bilər. 18 mart 2018-ci ildə xaricə gedəndə bir bitkoin 6000 dollar idi. Aydın milyonlarla dolları xaricə qaçırıb bitkoinə yatırım edibsə, indi əlində qaçırdığı puldan dəfələrlə çoxu var", - deyə yazar bildirib.
Qeyd edək ki, M.Aydın Braziliyadan Türkiyəyə gətirilib.