Rusiyalı rejissor, aktyor və ssenarist Vladimir Menşov 82 yaşında koronavirus infeksiyası nəticəsində vəfat edib.
Teleqraf.com xəbər verir bu barədə “Mosfilm”dən məlumat verilib.
Kinorejissorla vida mərasimi iyulun 8-də keçiriləcək.
“Mosfilm” kinokonserni və Vladimir Menşovun ailəsi kədərlə Vladimir Valentinoviçin bu gün vəfat etdiyini bildirirlər”, - deyə məlumatda qeyd olunur.
“Mosfilm” komandası rejissorun həmkarlarına, yaxınlarına və dostlarına başsağlığı verib.
Sovet və rus kinorejissoru, aktyor, ssenarist və prodüser Vladimir Menşov “Mosfilm”in idarə heyətinin üzvü idi.
İyunun 26-da Vladimir Menşova koronavirus infeksiyası diaqnozu qoyulduğu məlum olmuşdu. “Ədalətli Rusiya – Həqiqət üçün” partiyasının mətbuat xidmətindən qeyd edildiyi kimi, o xəstəliyi yüngül keçirirdi.
Rusiya Prezidenti Vladimir Putin, baş nazirin müavini Tatyana Qolikova, Moskva meri Sergey Sobyanin V.Menşovun vəfatı ilə bağlı dərin hüznlə başsağlığı veriblər.
Qeyd edək ki, V.Menşov 17 sentyabr 1939-cu ildə Bakıda anadan olub. Atası Valentin Mixayloviç Menşov dənizçi idi, sonra NKVD-də işləyib, anası Antonina Aleksandrovna Menşovadır. Onlar hər ikisi Həştərxan vilayətindəndir. Vladimir də Həştərxanın mərkəzində böyüyüb.
Vladimir Menşov bir sıra məşhur sovet filmlərinin rejissorudur. Bunlar arasında “Moskva göz yaşlarına inanmır”, “Məhəbbət və göyərçinlər”, “Şirli-Mırli”, “Rozıqrış”, “Allahların paxıllığı” və sair filmləri göstərmək olar.
“Moskva göz yaşlarına inanmır” filmi 1981-ci ildə xarici dildə ən yaxşı film nominasiyası üzrə Amerika Kino Akademiyasının “Oskar” mükafatına layiq görülüb.