Litva Prezidenti Gitanas Nauseda və İspaniya Baş naziri Pedro Sançesin Litvadakı NATO bazasında keçirdiyi mətbuat konfransı zamanı iki təyyarə bu ölkənin hava sahəsinə icazəsiz girərək həyəcan yaradıb.
Teleqraf.com xəbər verir ki, mətbuat konfransı hərbi təyyarələri izləmək və liderləri qorumaq üçün xidmətdə olan iki ispan döyüş təyyarəsinin təcili havaya qalxması ilə dayandırılıb.
İspaniya mətbuatı təyyarənin Rusiyaya məxsus olduğunu yazıb.
Hadisədən sonra açıqlama verən bir NATO rəsmisi bu barədə yayılan iddiaları təsdiqləyib və Şimal-şərqə doğru gedən iki qırıcının Rusiyaya məxsus “Su-24” döyüş təyyarələri olduğunu söyləyib.
NATO rəsmisi rus qırıcılarının Litvanın hava məkanını pozduğunu bildirib.
Rusiya Müdafiə Nazirliyi isə uçuşun beynəlxalq hava məkanından istifadə qaydalarına uyğun olaraq və heç bir ölkənin sərhədlərini pozmadan həyata keçirildiyini iddia edib.