Rusiya Daxili İşlər Nazirliyi (DİN) müvəqqəti yaşayış icazəsinin ləğv edilməsini özündə ehtiva edən, xaricilərin ölkəyə giriş və qalma qaydalarına dəyişiklik hazırlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya DİN-in portalında məlumat verilib.
DİN ölkə ərazisində qalma üçün 3 miqrasiya rejiminin qurulmasını təklif edir: qısamüddətli (təqvim ili ərzində ümumilikdə 90 gündən çox olmayan), uzunmüddətli (daimi yaşamaq üçün icazə almadan təqvim ili ərzində ümumilikdə 90 gündən çox), daimi yaşayış yeri (müddətsiz).
Eyni zamanda əllərində icazəsi olan əcnəbilərə Rusiyadan çıxmadan qalma məqsədlərini dəyişdirmək imkanı verilir.
Rusiya Prezidenti Vladimir Putin 2020-ci ilin martında miqrasiya qanunvericiliyində islahatlara dair təlimatların siyahısını təsdiqləyib. Miqrasiya siyasətinin məqsədinin Rusiyanın maraqlarına cavab verən miqrasiya vəziyyətinin formalaşdırılması olduğu qeyd edilib.