9 İyul 2021 11:56
1 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada fəaliyyət göstərən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu “Çinin 2021-ci ildə yeni beşillik planı və müdafiə sistemləri” mövzusunda geniş hesabat hazırlayıb. Hesabat və oradakı rəqəmlər araşdırmaçıların diqqətini cəlb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik materialında bildirilib.

Məqalədə qeyd olunub ki, Çin lideri Si Çinpin ölkəsini yaxın 10 ildə hərbi nöqteyi-nəzərdən qüdrətli dövlətə çevriləcəyini bəyan edib:

“Çinin 2021-ci il üçün hərbi büdcəsi 202 milyard dollardır. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatında göstərilir ki, bu, ötənilki hərbi büdcədən təxminən 6.8 faiz çoxdur. Ötən il Çinin hərbi büdcəsi 188 milyard dollar civarında idi. Hesabatda bu qənaətə gəlinir ki, artan hərbi büdcə dayanıqlı iqtisadi inkişafa söykənir. Çinin iqtisadiyyatı pandemiyaya görə 2020-ci ildə hədəflənən nəticələrə çatmasa da, bu il durum stabilləşib. Digər tərəfdən Çin pandemiya ilə üzləşən ilk ölkə olsa da, digər ölkələrdən fərqli olaraq koronavirusla mübarizədə ciddi uğurlar əldə etdi.

Çin ordusunu gücləndirməklə yanaşı, hərbi-sənaye kompleksinin inkişafına, modern hərbi texnikanın alınmasına, o cümlədən hərbçilərin maaş və pensiyalarının artımına da diqqət yetirir. Pekin hərbi sistemdə elmi araşdırmalar üçün də kifayət qədər maliyyə ayırır. Misal üçün Çin 2021-ci ildə elmi araşdırmalara ötən ilki ilə müqayisədə 10.6 faiz çox maliyyə ayırıb. Bu baxımdan Pekin kosmik tədqiqatlara da xüsusi əhəmiyyət verir. Təsadüfi deyil ki, Çin Rusiya və ABŞ kimi kosmik fəzaya insan göndərən ölkələr sırasına daxil olub. Bundan başqa Çin yaxın gələcəkdə kosmik fəzada böyük stansiyaya malik olacaq.

Bu hələ beynəlxalq aləmə bilinən göstəricilər və rəqəmlərdir. Hesabatda yazılır ki, Çin öz ordusuna xərclədiyi maliyyə haqqında hər il BMT-yə hesabat göndərsə də, ölkənin gizli hərbi xərclərə malik olması barədə ciddi şübhələr var. Bu gedişlə Çin necə ki, 2035-ci il üçün iqtisadi gücünə görə ABŞ-ı geridə qoyacaq, hərbi xərclərinə görə də yaxın illərdə rəqibini üstələməyə çalışacaq”.

Məqalədə vurğulanıb ki, Çinin artan hərbi qüdrəti ilə bağlı aparılan tədqiqatlar Qərb və Çinə qonşu olan ölkələr – Hindistan, Yaponiya və Avstraliya ilə yanaşı Rusiyanı da narahat etməyə başlayıb:

“Rusiya və Çin strateji tərəfdaş olduqlarını bəyan edirlər. Hər ikisi Qərbin siyasi və hərbi maraqlarına qarşı mübarizə aparırlar. Buna baxmayaraq, Çinin iqtisadiyyatda və hərbidə qazandığı naliyyətlər Rusiyadakı mərkəzlər tərəfindən ciddi tədqiq edilir və bunun Rusiya üçün gələcəkdə müəyyən təhlükələr yaradacağı nəticələrinə varılır. Məsələ burasındadır ki, Rusiya iqtisadi gücü ilə öyünə bilmir və getdikcə Çin bazarından və investisiyalarından asılı vəziyyətə düşür. Digər maraqlı məqam: Rusiya keçmiş illərdə Çinə silah və hərbi texnika satırdı. Hazırda isə Rusiya Çinlə həmin silah və hərbi texnikanın hazırlanması texnologiyasıyla paylaşır. Bu o deməkdir ki, Çin silah bazarında tədricən Rusiyanın rəqibinə çevrilir. Bəzi dövlətlər necə ki, Çinin ucuz mallarına üstünlük verirlər, eləcə də silah alarkən də az maliyyə xərcləmək istəyi ilə Rusiya və ya Qərbə deyil Çinə üstünlük verə bilərlər.

Çinin qarşısındakı əsas maneə ABŞ-dır. ABŞ-da prezidentlər dəyişsələr də, Ağ Ev sahibi olan hər kəs Çini təhlükə kimi qiymətləndirir. Ancaq Amerikanın problemi odur ki, Çinin müxtəlif dövlətlərə təklif etdiyi “şirnikləndirici təkliflərə” (bu təkliflər bəzən həmin dövlətlərin Çindən asılığını artırır) alternativ təklif hazırlaya və irəli sürə bilmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər