Tiflisdə anti-LGBT mitinqi zamanı döyülən “Pirveli” telekanalının operatoru Lekso Laşkarava yaşadığı mənzildə ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə kanalın saytında məlumat verilib.
Laşkaravanın cəsədini anası aşkar edib və məhkəmə tibbi ekspertizası hadisə yerinə cəlb olunub. Mərhumun ölümünün dəqiq səbəbi açıqlanmır.
İyulun 5-də Tiflisdə LGBT fəalları tərəfindən planlaşdırılan aksiyaya qarşı keçirilən mitinqdə 50-dən çox jurnalist yaralanıb. Səkkiz nəfər inzibati xətaya görə saxlanılıb.
Yürüşün təşkilatçıları Tiflisin mərkəzində bir neçə min adam toplandıqdan sonra aksiyanı ləğv ediblər. Etirazçılar LGBT yürüşünə qarşı çıxıblar, jurnalistlərə daş və şüşə atıblar. Bir neçə nümayişçi polis tərəfindən saxlanılıb. Bundan əlavə, yürüşə qarşı çıxanlar LGBT icmasının yerləşdiyi binanın həyətinə partlayıcı maddələr atıblar.