12 İyul 2021 11:08
1 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda gərginlik davam edir. Taliban artıq vilayət mərkəzlərinə doğru hücumlara başlayıb.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Əfqanıstandan çıxması qərarı ilə birlikdə ölkəni nəzarət altına almağa start verən Taliban hərəkatı ilə əfqan ordusu arasında silahlı qarşıdurmalar şiddətlənir.

Artıq Taliban var gücü ilə böyük şəhərlərə nəzarəti ələ almağa, rəsmi Əfqanıstan ordusunu vurub çıxarmağa başlayıb.

Taliban hərakatının sözçüsü Suheyl Şahin Əfqanıstanda vilayət mərkəzlərinin ələ keçirilməsinə dair danışarkən bildirib ki, Vaşinqtona Əfqanıstandakı əyalətlərin paytaxtlarına hücum etməyəcəklərinə dair söz verməyiblər:

“Bu, ABŞ ilə aparılan müzakirələrin və əldə olunan razılaşmanın maddələrində yoxdur. Əldə olunan razılaşma ilə əlaqəsi olmayan məsələdir”.

Qeyd edək ki, Əfqanıstanın Badgis əyalətinin Kale-Nev şəhərində hökumət gücləri ilə Taliban arasında başlayan silahlı savaşda 4 mülki şəxs öldürülüb, 77 nəfər yaralanıb.

İyulun 7-də Taliban silahlıları Kale-Nev şəhərinə üç istiqamətdən hücum edərək ələ keçirdikləri həbsxanadan məhkumların hamısını azad ediblər. Küçə döyüşlərinin davam etdiyi Kale-Nevdə hökumət qüvvələri şəhərə nəzarəti geri qaytarmağa çalışır.

Talibanın sürətlə irəliləməsi konteksində Kabildəki beynəlxalq hava limanında hava hücumundan müdafiə sistemləri qurulub.

Əfqanıstanın DİN-in sözçüsü Tarix Aryen deyib ki, müdafiə sistemləri qurulub və aktiv hala gətirilib.

Onun sözlərinə görə, bu sistem raket və qısamənzilli raketlərin qarşısını almaqda effektiv qurğu sayılır:

“Təhlükəsizlik qüvvələri canları hesabına ölkəni qorumağa hazırdır”.

Xatırladaq ki, ABŞ və NATO Əfqanıstandan çıxdıqdan sonra Taliban hərəkatı sürətli şəkildə bölgələri hökumət qüvvələrindən alır.

Hərbi analitiklər qeyd edirdilər ki, ABŞ Əfqanıstandan çıxdıqdan sonra paytaxt Kabil ən yaxşı halda 6-12 ay müddətində müqavimət göstərə biləcək.


Müəllif: Cavad

Oxşar xəbərlər