5 Noyabr 2014 15:07
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcü arzusu” Saakaşvili arzusuna dönəcəkmi?

Qonşu Gürcüstanda siyasi böhran yenidən özünü biruzə verib. Belə ki, Saakaşvili hakimiyyətindən sonra ayrı-ayrı siyasi təşkilatların birgə yaratdığı koalisiya hökumətində “etimadsızlıq” ittihamları yer alıb.

İndiki hökumət Saakaşvili də daxil olmaqla, keçmiş rəqiblərinə qarşı müxtəlif ittihamlarla həbslərə start verib. Bunun ardınca isə indi hakimiyyətdə təmsil olunanlara qarşı təzyiqlərə başlayıb, bu isə artıq istefalarla müşayiət olunur.

Hətta baş nazir tərəfindən istefaya göndərilmiş Gürcüstanın keçmiş müdafiə naziri İrakli Alasaniya həbs olunacağını istisna etmir. Yerli “Rustavi-2” telekanalına müsahibəsində Alasaniya həbs olunacağını qeyd edib: “Mən heç nəyi istisna etmirəm, əgər məni bir siyasi lider kimi həbs etmək istəyirlərsə..., qoy etsinlər, lakin günahsız insanlara toxunmasınlar”.

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin müdafiə naziri İrakli Alasaniyanı tutduğu vəzifədən azad etməsinə səbəb kimi Müdafiə Nazirliyinin “özəlləşdirilməsinin” və “istintaqa əngəl törədilməsinin” qarşısının alınması göstərilib.

Avroatlantik seçimə qarşı hücum

Qərar verilməzdən əvvəl müdafiə naziri İrakli Alasaniya bəyanatla çıxış edərək Müdafiə Nazirliyinə məqsədli hücumun həyata keçirildiyini qeyd edib. O, rəhbəri olduğu qurumun Gürcüstanı NATO və Avropa İttifaqı ilə birləşdirən yeganə qurum olduğunu və prokurorluğun addımlarını Gürcüstanın Avroatlantik seçiminə qarşı hücum adlandıraraq hakim koalisiyasının Siyasi Şurasının çağırılmasının tələb edib.

İrakli Alasaniya istefaya göndərildikdən sonra onun silahdaşı, Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili də istefa verəcəyini deyib. Petriaşvili “Diktatura yaxınlaşır, demokratiya təhlükədədir. Mən yazılı şəkildə baş nazirə istefa barədə müraciət edəcəyəm”- deyə son müsahibəsində bildirib.

Öz növbəsində istefaya göndərilən keçmiş müdafiə naziri də şikayətlənib. Alasaniya “Bu gün görünür ki, Gürcüstanın bütün qərbyönlü gücləri birləşməlidir. Bu gün biz partnyorlarımıza göstərməliyik ki, Gürcüstan cəmiyyəti qərbyönümlü istiqamətdə birləşib, Ukraynada yaşanan təxribat Gürcüstanda keçməyəcək”- deyə bildirib.

Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze hazırkı hökumətin tərkibindəki “Bizim Gürcüstan – Azad demokratlar” partiyasının rəhbəri İrakli Alasaniyanın komandasından olan nazirlərin hamısının istefaya göndəriləcəyini istisna etməyib.

Baş nazirdən təhlükə mesajı

Vyanada səfərdə olan qonşu dövlətin prezidenti Georgi Marqvelaşvili Gürcüstandakı son hadisələri şərh edərkən qeyd edib ki, siyasi qarşıdurma ölkənin NATO-ya inteqrasiyasına əngəl törədə bilər: "Siyasi qarşıdurma ölkədəki institutların səmərəli fəaliyyətini, dövlətin Avroatlantik inteqrasiyasını və ən əsası, ölkəmizin suverenliyinin təminatçısı olan ordunu təhlükə altına atır".

Alasaniyanın rəhbəri olduğu “Bizim Gürcüstan – Azad demokratlar” partiyası “Gürcü arzusu” hakim koalisiyasını tərk edəcəyi təqdirdə “Gürcü arzusu” 10 deputat mandatını və nəticədə parlamentə çoxluğu itirmiş olacaq.

“Gürcü arzusu”ndan Saakaşvili arzusuna

“Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli məsələyə münasibətində bildirib. O qeyd edib ki, Gürcüstandakı indiki hakmiyyətə “Rusiyaya meyilli” yarlığı vurulub və bu ehtimallar olub: “Bu ölkədə müəyyən zamanlarda parlamentdə Gürcüstanın xarici siyasəti ilə bağlı qəbul olunmuş qanunlarda avrointeqrasiya elementləri özünü göstərir. Amma Rusiyanın bu ölkəyə təsir dairəsi də var. Saakaşvilinin devrilməsində açıq mövqeyini ortaya qoyan Putin hakmiyyətinin indiki Gürcüstan iqtidarına da təsir imkanları olmamış deyil. NATO-ya sürətli inteqrasiya edən Gürcüstanı daxili çəkişmələr fonunda bu addımdan çəkindirmək istəkləri açıq şəkildə təzahür edir. Müdafiə naziri, eləcə də Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri postları kifayət qədər mühüm əhəmiyyət daşıyır. Hər iki keçmiş nazirin ilkin açıqlamaları var və onlar hakimiyyətin siyasi orientasiyasının yanlışlığı, addımın da NATO-ya olan inteqrasiyanın əngəlləməsinin səbəblərindən biri kimi göstərilir. Hesab edirəm ki, bu çox ciddi məqamdır və istefalar davam edə bilər. O cümlədən həbs variantları da işə salınması ehtimalları var. Ona görə ki, müdafiə nazirini bir başa baş nazir vəzifəsindən azad edib. Bu da təsadüfi deyil və əgər müdafiə naziri işdən azad olunursa, demək ki, bunun kökündə başqa səbəblər də durur. Bütün baş verənləri Gürcüstanda siyasi böhranın başlanğıcı kimi dəyərləndirmək olar”.

Vədlərdən xəbər yoxdur

Z.Məmmədli qeyd edib ki, İvanaşvili Saakaşvilidən daha yaxşı fikirlər səsləndirərək onu hakimiyyətdən uzaqlaşdırmağa nail oldu: “Amma təəssüflər olsun ki, insanlar vəd olunanları görə bilmirlər. Bu da cəmiyyətdə narazılıqların yaranmasına və əvvəlki hakimiyyətlə bağlı nostalji hisslərin yaranmasına gətirib çıxarır. Faktiki olaraq, keçmiş hakimiyyətin reytinqi Gürcüstanda artmaqdadır. Bu da Gürcüstanda keçiriləcək parlament və bələdiyyə seçkilərində indiki hakimiyyətə problem yaradacağı gözləniləndir”.

BƏXTİYAR


Müəllif: