12 İyul 2021 18:38
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Vaşinqton şəhərində yerləşən Xəzər Siyasət Mərkəzinin (Caspian Policy Center - CPC) nümayəndə heyəti Beynəlxalq Türk Akademiyasını (BTA) ziyarət edib. Mərkəzin icraçı direktoru Əfqan Niftinin rəhbərlik etdiyi və CPC İdarə Heyətinin üzvü, ATƏT-in Minsk Qrupunun keçmiş üzvü, ABŞ-ın Qazaxıstandakı keçmiş səfiri Riçard Hoqland, Proqram Köməkçisi Jeremy Cohen və Baş Proqram Meneceri Akbota Karibayevanın daxil olduğu nümayəndə heyətinin səfəri zamanı Xəzər Siyasət Mərkəzi ilə BeynəlxalqTürk Akademiyası arasında əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Teleqraf.com xəbər verir ki, BTA prezidenti Darxan Kıdırəli təşkilatın məqsədi, fəaliyyəti və həyata keçirdiyi layihələr, Akademiyanın BMT, UNECO və ISESCO kimi mühüm beynəlxalq təşkilatlarda təşkil etdiyi tədbirlər barədə məlumat verib.

ABŞ-da Türkologiya sahəsinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayan Akademiya prezidenti, rəhbərlik olduğu qurumun bu ölkənin zəngin intellektual potensialından faydalanmaq üçün Birləşmiş Ştatlardakı təşkilatlarla əməkdaşlığın inkişafına əhəmiyyət verdiyini söyləyib.

D.Kıdırəli Akademiyanın qurucu üzvlərindən biri kimi Azərbaycana xüsusi diqqət ayrıldığını, 44 günlük Vətən müharibəsində rəhbəri olduğu qurumun açıq mövqe ortaya qoyaraq bəyanatlar və konkret tədbirlərlə Orta Asiyada Azərbaycanın haqlı mübarizəsinə dəstək verən ən önəmli təşkilat olduğunu qeyd edib.

Xəzər Siyasət Mərkəzinin (CPC) ABŞ-da Xəzər bölgəsi ilə bağlı araşdırma aparan və ABŞ Administrasiyası tərəfindən dəstəklənən önəmli bir düşüncə mərkəzi olduğunu ifadə edən CPC-nin icraçı direktoru Əfqan Nifti Beynəlxalq Türk Akademiyası ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıb. Bu çərçivədə Mərkəzin nümayəndə heyətinin Qazaxıstanda ilk rəsmi səfərini Akademiyaya etməsindən məmnunluq duyduqlarını bildirib.

Nümayəndə heyətinin üzvü səfir Riçard Hoqland isə uzun müddət Qazaxıstanda və Azərbaycanda xidmət etdiyini və regiondakı prosesləri yaxından izlədiyini qeyd edib. Təcrübəli diplomat bölgənin beynəlxalq siyasi arenada əhəmiyyətinin artdığına diqqət çəkib.

Akademiya tərəfindən həyata keçirilən layihələri təqdirlə qarşılayan CPC nümayəndə heyəti, iki qurum arasında mütəxəssis mübadiləsi də daxil olmaqla, geniş əməkdaşlıqda maraqlı olduqlarını ifadə ediblər.

Görüşün sonunda Akademiya prezidenti CPC rəhbəri və nümayəndə heyətinə BTA tərəfindən nəşr olunan kitabları hədiyyə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər